“AnewZ”nin reportajı: Tehran sakinləri İsrailin hərəkətlərinə İranın qətiyyətli cavab verməsini tələb edir

Digər ölkələr
  • 13 iyun, 2025
  • 18:16
“AnewZ”nin reportajı: Tehran sakinləri İsrailin hərəkətlərinə İranın qətiyyətli cavab verməsini tələb edir

İran İsrailə dağıdıcı cavab verməlidir, iranlılar artıq qorxu içində yaşaya bilməzlər.

“Report” xəbər verir ki, bu fikri Azərbaycanın “AnewZ” televiziya kanalına Tehran sakini Əhməd Moradi bildirib.

Əhməd Moradi ilə yanaşı, İran paytaxtının digər sakini - Abbas Əhmədi də İsrailin hərəkətlərinə qarşı çıxıb və hesab edir ki, İran sərt cavab verməlidir.

"Qətiyyətli tədbirlər görmək lazımdır. Ən azından İsrailə cəzasız hərəkət etməyə imkan verilməməlidir", - o vurğulayıb.

Telekanalın reportajında Əhməd Rəzaqi də bu məsələ ilə bağlı öz mövqeyini bildirib. Onun sözlərinə görə, İranı nüvə potensialından məhrum etmək cəhdləri yolverilməzdir: "Bu proqram üzərində nə qədər alimimiz çalışıb. Biz buna öz gücümüzlə nail olmuşuq - və indi kimsə bizi bundan məhrum etmək istəyir".

Paytaxt sakini Fərnuş Rəzai isə əmindir ki, İsrail ümidsiz vəziyyətdədir: "O, son gücü ilə mübarizə apararaq nəyəsə nail olmağa çalışır, amma onda heç nə alınmayacaq".

Qeyd edək ki, iyunun 13-nə keçən gecə İsrail İrana qarşı "Rising Lion" əməliyyatını həyata keçirib. İsrail Hərbi Hava Qüvvələri xüsusilə İranın hərbi və nüvə obyektlərinə zərbələr edindirib. Nəticədə İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, İnqilab Keşikçiləri Korpusunun (SEPAH) rəhbəri, bir sıra digər hərbi rəhbərlər, həmçinin nüvə sahəsi üzrə alimləri həlak olub. Bundan başqa, hücumlar nəticəsində İranın mülki əhalisi arasında da ölənlər var.

İsrail Müdafiə Qüvvələrinin nümayəndəsi bildirib ki, İranın nüvə və ballistik raket potensialının məhv edilməsi əməliyyatı bir neçə gün davam edəcək. Öz növbəsində, İranın Baş Qərargahı İsrailə cavab zərbələri endirilərkən heç bir məhdudiyyət qoyulmayacağını bəyan edib.

44 filmi