Amerika qitəsində denge virusuna yoluxma hallarının sayı 3 milyona çatır

Digər ölkələr
  • 19 iyul, 2023
  • 23:53
Amerika qitəsində denge virusuna yoluxma hallarının sayı 3 milyona çatır

Amerika qitəsində denge virusunun səbəb olduğu qızdırma ilə xəstələnmə hallarının sayı ilin əvvəlindən bəri təqribən 3 milyon nəfərə çatıb, 1,3 min nəfər ölüb.

“Report” xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) yaydığı məlumatda deyilir.

“2023-cü il iyulun 1-nə qeydə alınmış denge xəstəliyinə yoluxma hallarının ümumi sayının (2 997 097 hal) 45%-i laborator qaydada təsdiqlənib, onlardan 0,13%-i xəstəliyin ağır forması kimi təsnif edilib”, - məlumatda deyilir. Son yarım ildə yoluxma göstəricisi bütünlükdə 2022-ci illə müqayisədə daha çoxdur - o zaman 2,8 milyon xəstəlik halı qeydə alınmışdı. Eyni zamanda qeyd olunur ki, söhbət yalnız ÜST-nin Amerika üzrə regional ofisi tərəfindən toplanan məlumatlardan gedir.

Təşkilatın məlumatına görə, 2023-cü ildə ən çox yoluxma halı Braziliya, Peru və Boliviyada qeydə alınıb. ÜST bölgədə qızdırmanın yayılma riskini yüksək qiymətləndirir, lakin xəstəliyin çox yayıldığı ölkələrə səyahət və ya ticarətlə bağlı məhdudiyyətləri tövsiyə etmir.

Denge tropik və subtropik bölgələrdə üstünlük təşkil edən virus infeksiyasıdır. Onun əlamətləri yüksək hərarət, ürəkbulanma, səpki, baş və bel ağrısıdır. Qızdırmanın hemorragik variantı qan damarlarının çökməsi nəticəsində yaranan ağır daxili qanaxma ilə müşayiət olunur. Virusu “Aedes aegypti” növlü ağcaqanadlar daşıyır.