Almaniyanın XİN rəhbəri Fransaya Çinə qarşı sanksiyaların nəticələri barədə xəbərdarlıq edib
- 09 dekabr, 2025
- 00:16
Almaniyanın xarici işlər naziri Yohann Vadeful Fransa Prezidenti Emmanuel Makronun Çin mallarına qarşı ticarət rüsumlarının tətbiqi ilə bağlı bəyanatına şübhə ilə yanaşıb və "pinq-ponq effekti" barədə xəbərdarlıq edib.
"Report" DPA-ya istinadən xəbər verir ki, Vadeful öz mövqeyini Pekinə səfəri zamanı açıqlayıb.
"Almaniya prinsipcə proteksionizm siyasətinə əməl etmir. Amma Çin tərəfi başa düşməlidir ki, bu sahədə müəyyən addımlar atmalıdır", – deyə o bildirib.
Vadeful əlavə edib ki, daha yüksək rüsumlar yalnız "son variant" kimi nəzərdən keçirilməlidir və onların effektivliyi sual altındadır.
"Çünki belə bir dövrəyə düşdükdə, adətən, "pinq-ponq" effekti və ya spiralın fırlanması ilə daha çox cavab reaksiyaları yaranır, bu isə yalnız azad ticarətə zərər vurur", – deyə nazir qeyd edib.
Fransa Prezidenti Emmanuel Makron isə dekabrın 7-də "Les Echos" qəzetinə verdiyi müsahibədə bildirib ki, əgər Pekin Avropa İttifaqı ilə Çin arasındakı ticarət kəsiri problemini həll etməsə, qurum Pekin mallarına qarşı ticarət rüsumlarının tətbiqi məsələsini nəzərdən keçirə bilər. Fransa Prezidentinin sözlərinə görə, o artıq belə rüsumların tətbiqini Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayenlə müzakirə edib. Eyni zamanda, Makron bu məsələdə vahid Avropa cəbhəsi formalaşdırmağın asan olmayacağını vurğulayıb.