Almaniyada böyük litium yatağı aşkarlanıb
- 19 oktyabr, 2025
- 02:23

"Neptune Energy" şirkəti Almaniyanın Saksoniya-Anhalt federal ərazisinin Altmark regionunda böyük litium yatağının kəşf edildiyini açıqlayıb.
"Report" xəbər verir ki, bu barədə "Bild" qəzeti məlumat yayıb.
Nəşr qeyd edib ki, bu, Almaniyanın avtomobil sənayesinin gələcəyi üçün dönüş nöqtəsi ola bilər. Litium elektrik avtomobillərində, smartfonlarda və planşetlərdə istifadə olunan batareyaların mühüm tərkib hissəsidir.
"Neptune Energy"nin məlumatına görə, Altmark regionunda 43 milyon ton litium karbonat ekvivalentində ehtiyata malik yataq var. Proqnozlar doğru olsa, bu, dünyanın ən böyük litium yataqlarından biri olacaq.
Mineralın hasilatı ənənəvi üsullarla aparılmayacaq. Qəzet qeyd edir ki, plan termal suyun dərinliklərdən səthə vurulması, filtr sistemindən istifadə edərək litiumun çıxarılması və suyun yenidən dərinliyə vurulmasından ibarətdir.
"IW Consult" şirkətinin hesablamasına görə, əgər layihə tam şəkildə həyata keçirilsə, 2025-2042-ci illərdə Almaniya üçün potensial əlavə dəyər ümumilikdə 6,4 milyard avro təşkil edəcək. Bu, 1 500-ə qədər iş yerinin yaradılmasına səbəb ola bilər.
Bununla belə, Saksoniya-Anhaltın İqtisadiyyat Nazirliyi bildirib ki, Altmark regionunda potensial litium hasilatı layihəsi hazırda çox erkən mərhələdədir.