Almaniyada bombaya görə 21 min insan təxliyə ediləcək
- 15 noyabr, 2025
- 02:25
Almaniyanın Nürnberq şəhərində İkinci dünya müharibəsindən qalma bombanın tapılmasından sonra təxminən 21 min insan evlərini tərk etməlidir.
"Report"un məlumatına görə, bu barədə şəhər administrasiyasının açıqlamasında bildirilir.
Təxliyə hava bombasını zərərsizləşdirmək üçün planlaşdırılan əməliyyatdan əvvəl həyata keçirilir. Şəhər hakimiyyəti 800 metr radiusda yolların bağlanmasının vacibliyini açıqlayıb.
Belə ki, 21 minə qədər sakin mənzillərini və evlərini təxliyə etməlidir.
Bu, Nürnberqdə İkinci dünya müharibəsindən qalma bombanın aşkarlanmasından sonra həyata keçirilən ən böyük təxliyə əməliyyatıdır. Təxminən 450 kq ağırlığında olan bomba Qrossroyt rayonunda tikinti işləri zamanı aşkar edilib. Şəhər rəhbərliyi izah edib ki, bomba zərərsizləşdirilməsi əməliyyatı sakinlərin təxliyəsi başa çatdıqdan sonra başlayacaq.
Saat 19:30-da (Bakı vaxtı ilə 22:30) polis yaxınlıqdakı ilk küçələri bağlayıb. Şəhər rəsmilərinin sözlərinə görə, bomba zərərsizləşdirilməsi üzrə mütəxəssislər və yüzlərlə fövqəladə hallar xidmətinin əməkdaşı hadisə yerində olub.