Almaniyada "Audi" zavodunun bağlanması ehtimalına qarşı kütləvi etiraz aksiyası keçirilib
- 29 iyul, 2026
- 20:40
Yeniliklərdən dərhal xəbərdar olun!
"Audi"nin minlərlə əməkdaşı çərşənbə günü şirkətin Almaniyanın Nekkarsulm şəhərindəki zavodunun mümkün bağlanmasına qarşı etiraz aksiyası keçirir.
Bu barədə "Report" "Reuters"ə istinadən xəbər verir.
Etirazlar "Audi"nin də daxil olduğu "Volkswagen" konserninin yenidən təşkili fonunda keçirilir. Dəyişikliklərin on minlərlə iş yerinin ixtisara salınması ilə nəticələnə biləcəyi gözlənilir.
İstehsalat şurasının məlumatına görə, aksiyada 6 minə yaxın insan iştirak edib. Nekkarsulm meri bildirib ki, zavodun bağlanması şəhər üçün "fəlakət" olacaq.
İşçilər "Volkswagen" rəhbərliyindən müəssisə ilə bağlı planlara aydınlıq gətirməsini tələb ediblər. Daha əvvəl konsernin rəhbəri Oliver Blume bildirmişdi ki, Nekkarsulmdakı zavod başqa həll yolu tapılmadığı təqdirdə Almaniyada 2030-cu ildən sonra bağlana biləcək dörd müəssisədən biridir.
"Audi A5", "A6" və "A8" modellərinin istehsal olunduğu zavodda 15 minə yaxın insan işləyir.