Almaniya və daha beş ölkə Aİ büdcəsi ilə bağlı ultimatum irəli sürüb

Digər ölkələr
  • 29 sentyabr, 2026
  • 11:41
Almaniya və daha beş ölkə Aİ büdcəsi ilə bağlı ultimatum irəli sürüb

Almaniya və Avropa İttifaqının (Aİ) daha beş ölkəsi Brüsseldən Aİ-nin 2028-2034-cü illər üçün planlaşdırılan büdcə xərclərini yüz milyardlarla avro azaltmağı tələb edib.

"Report" "Financial Times"a istinadən xəbər verir ki, müvafiq məktubu Almaniya, Avstriya, Danimarka, Niderland, Finlandiya və İsveç liderləri imzalayıblar.

"Aİ büdcəsinin əsaslı islahatlara ehtiyacı var. Biz seçim etməliyik", - məktubda deyilir.

Almaniya kansleri Fridrix Merts və onun beş ölkədən olan həmkarları xərclərin yüz milyardlarla avro azaldılmasının təmin edilməyəcəyi təqdirdə, Aİ-nin növbəti 7 illik büdcəsinin qəbul edilməsinə razılıq verməyəcəklərini bildiriblər.

FT-nin məlumatına görə, bu ultimatum Çin və ABŞ ilə rəqabət şəraitində çətinliklə üzləşən sənaye sahələrinin dəstəklənməsi tədbirləri və müdafiə sahəsinin maliyyələşdirilməsi də daxil olmaqla, yeni xərc prioritetləri ilə bağlı Aİ ölkələri arasında fikir ayrılıqlarının olduğunu göstərir. Bununla yanaşı, ənənəvi olaraq büdcə vəsaitlərinin əhəmiyyətli hissəsinin ayrıldığı fermerlərə və daha az inkişaf etmiş regionlara dəstəyin davam etdirilməsi zərurəti də qalmaqdadır.

Altı lider artan iqtisadi çağırışlara və təhlükəsizlik təhdidlərinə cavab vermək üçün resursları müdafiə ehtiyaclarına və innovativ şirkətlərin dəstəklənməsinə yönəltmək istəyirlər.

Aİ-nin 2028-2034-cü illəri əhatə edən büdcəsinin təsdiqlənməsi üçün bütün 27 üzv dövlətin yekdil qərarı tələb olunur. Altı ölkənin büdcənin təsdiqlənməsinə razılıq verməməklə təhdid etməsi Aİ liderlərinin iyun ayında keçirilən sammitdə qəbul etdikləri öhdəliyə - cari ilin sonunadək razılığa gəlmək öhdəliyinə ziddir. FT qeyd edib ki, Fransa, İtaliya, İspaniya və Polşada keçiriləcək seçkilər gələcək danışıqları çətinləşdirə bilər.

44 - Tezliklə