Aleksandar Vuçiç: Serbiya və Özbəkistan azad ticarət rejimi təsis etməlidirlər

Digər ölkələr
  • 08 sentyabr, 2026
  • 15:59
Aleksandar Vuçiç: Serbiya və Özbəkistan azad ticarət rejimi təsis etməlidirlər

Özbəkistan Belqradda keçiriləcək "EXPO 2027" sərgisində öz milli pavilyonu və geniş mədəni proqramı ilə iştirak edəcək.

"Report"un Balkan bürosu xəbər verir ki, bunu Serbiya Sarayında həmkarı Aleksandar Vuçiç ilə görüşən Özbəkistan Prezidenti Şafkat Mirziyoyev bəyan edib.

O bildirib ki, Özbəkistan tarixində Serbiyaya səfər edən ilk prezident kimi onun bu səfərinin iki ölkə arasındakı münasibətlərə yeni təkan və keyfiyyət verəcəyinə əmindir:

"Bu danışıqlar zamanı masa arxasında burada iştirak edən Serbiya hökumətinin demək olar ki, tam tərkibdə əyləşməsi faktının özü bir simvolik məna daşıyır. Komandam mənə bildirdi ki, danışıqlar ən yüksək səviyyədədir, çox vacib və məhsuldar görüşlər keçirilib".

Mirziyoyev Serbiyanın regiondakı münasibətlərlə bağlı yürütdüyü siyasətə də toxunub:

"Əminəm ki, sizin liderliyiniz və Qərbi Balkandakı inteqrasiya siyasətiniz regionda sülhü, sabitliyi və davamlılığı gücləndirəcək, həmçinin regionu rifah yoluna çıxaracaq".

Prezident Aleksandar Vuçiç öz növbəsində Serbiya və Özbəkistanın ən qısa zamanda azad ticarət rejimini və Belqrad–Daşkənd birbaşa aviareysini təsis etməli olduğunu deyib.

O, Serbiya və Özbəkistan nümayəndə heyətlərinin görüşündə iki ölkənin ictimai həyatın bütün sahələrində əməkdaşlığı inkişaf etdirə biləcəyini bildirib.

Vuçiç bildirib ki, Mirziyoyevin rəhbərliyi altında Özbəkistan ağlasığmaz zirvələrə çatıb:

"Nəticələrinizə heyranıq, sizin gözəl ölkənizlə işləmək və əməkdaşlıq etmək istəyirik".

Vuçiç iki ölkənin yaxşı münasibətləri inkişaf etdirməyə davam edəcəyinə ümidvar olduğunu bildirib və qeyd edib ki, tərəflər tekstil sektoruna diqqət yetirməklə sənaye əməkdaşlığını, ardınca kənd təsərrüfatı, qabaqcıl texnologiyalar, rəqəmsal transformasiya, süni intellekt, habelə nəqliyyat əlaqələri, logistika və müdafiə sənayesi sahəsində əməkdaşlığı inkişaf etdirməlidirlər.