İsrail-Livan danışıqlarının növbəti raundu sentyabrda baş tutacaq - YENİLƏNİB

Digər ölkələr
  • 11 avqust, 2026
  • 09:37
İsrail-Livan danışıqlarının növbəti raundu sentyabrda baş tutacaq - YENİLƏNİB

İsrail və Livan arasında ABŞ-nin vasitəçiliyi ilə danışıqların növbəti raundu sentyabrın əvvəlində baş tutacaq.

"Report" "The Times of Israel" qəzetinə istinadən xəbər verir ki, bu barədə vəziyyətlə tanış olan mənbə bildirib.

Onun sözlərinə görə, ötən həftə danışıqların Romada keçirilən raundu o qədər də uğurlu olmayıb, çünki rəsmi Beyrut İsrail qoşunlarının Livanın cənubundan çıxarılmasında təkid edir, Təl-Əviv isə "Hizbullah" qruplaşmasının tamamilə tərk-silah edilməsinin zəruriliyini bildirir.

Növbəti raund ərəfəsində ABŞ tərəflərin tərk-silah prosesinin yoxlanılması mexanizmində iştirak edəcək ölkələrin siyahısını razılaşdırmasına nail olmağa çalışır. Mənbənin sözlərinə görə, İsrail beynəlxalq platformalarda bu ölkəyə qarşı addımlar atmış ölkələrin siyahıya daxil edilməsinə qarşıdır.

Tərəflər, həmçinin həlak olanların qalıqlarının və livanlı məhbusların mübadiləsi məsələsi ilə bağlı paralel danışıqlar aparırlar.

ABŞ-nin himayəsi altında Livan və İsrail nümayəndə heyətlərinin danışıqlarının növbəti raundu payızdan tez baş tutmayacaq.

"Report" xəbər verir ki, bu barədə "Al Mayadeen" telekanalı diplomatik mənbəyə istinadən məlumat yayıb.

"Yaxın gələcəkdə danışıqlar gözlənilmir. Əgər danışıqların yeni raundu baş tutarsa, bu, çox güman ki, yaydan sonra olacaq", - mənbə qeyd edib.

O həmçinin hazırkı mərhələdə ölkələr arasında birbaşa danışıqların keçirilməsi imkanını istisna edib.

Avqustun 4-6-da Romada keçirilən 7-ci məsləhətləşmələr raundu barədə danışan mənbə bildirib ki, Amerika və İsrail tərəfləri artıq razılaşdırılmış iki rayonda irəliləyiş əldə edilənə qədər Livanın "pilot zona"larını genişləndirmək təklifindən imtina ediblər. Bundan əlavə, o bildirib ki, onlar Livan tərəfindən Livanın cənubundakı Nəbatiyyə rayonundakı Əli-ət-Tahir yüksəkliklərindən "Hizbullah" hərəkatı qüvvələrinin çıxarılmasını tələb ediblər.