AK dron, raket və qırıcıların alınması üçün Ukraynaya daha 3,47 milyard avro ayırıb

Digər ölkələr
  • 30 iyul, 2026
  • 14:54
AK dron, raket və qırıcıların alınması üçün Ukraynaya daha 3,47 milyard avro ayırıb

Avropa Komissiyası ümumi dəyəri 90 milyard avro olan "Ukraine Support Loan" proqramının müdafiə komponenti çərçivəsində Ukraynaya daha 3,47 milyard avro köçürüb.

"Report"un Avropa bürosunun Avropa Komissiyasına istinadən verdiyi məlumata görə, maliyyə vəsaiti əlavə raketlərin, hava hücumundan müdafiə sistemlərinin və pilotsuz uçuş aparatlarının (PUA), o cümlədən uzaqmənzilli PUA-ların və "Gripen" qırıcılarının alınmasına yönəldiləcək.

Avropa Komissiyasının sədri Ursula fon der Lyayen yeni paketin Ukraynanın hava məkanının müdafiəsini gücləndirməyə kömək edəcəyini və eyni zamanda, Aİ ilə Ukraynanın müdafiə sənayeləri arasında əməkdaşlığı dərinləşdirəcəyini bildirərək, bunu "Drone Deal" təşəbbüsünün bir hissəsi adlandırıb.

Avropa Komissiyasından qeyd ediblər ki, yaxın həftələrdə dron, döyüş sursatları, HHM vasitələri və raketlərin alınması üçün vəsaitin ayrılması ilə bağlı yeni qərarlar gözlənilir.

Bu, "Ukraine Support Loan" dəstək proqramı çərçivəsində ayrılan dördüncü tranşdır: iyunun 25-də Avropa Komissiyası makromaliyyə yardımı proqramının (MFA) xətti ilə 3,2 milyard avro ayırıb, iyunun 30-da müdafiə istiqaməti çərçivəsində Ukraynaya 3,9 milyard avro, iyulun 15-də isə 1,1 milyard avro köçürülüb.

Ümumilikdə 2026-cı ildə proqram çərçivəsində Ukraynanın müdafiə sənayesinin dəstəklənməsi məqsədilə 28,3 milyard avronun yönəldilməsi planlaşdırılır.