AK dəmir yolları və alternativ yanacağın inkişafına dair nəqliyyat paketini təsdiqləyib
- 05 noyabr, 2025
- 15:31
Avropa Komissiyası bütün Avropa İttifaqı boyunca yüksək sürətli dəmir yolları şəbəkəsinin inkişafının sürətləndirilməsini, aviasiya və dəniz nəqliyyatı üçün bərpa olunan və aşağı karbonlu yanacaq növlərinə investisiyaların stimullaşdırılmasını nəzərdə tutan və 2040-cı ilə qədər olan dövrü əhatə edən yeni nəqliyyat paketini təsdiqləyib.
"Report"un Avropa bürosunun məlumatına görə, bunu Avropa Komissiyasının icraçı vitse-prezidenti Rafael Fitto və nəqliyyat və turizm məsələləri üzrə komissar Apostolos Tsitsikotsas Brüsseldə bəyan ediblər.
Sürətli dəmir yollarının inkişaf planı 2040-cı ilədək saatda 200 km və daha artıq sürətlə hərəkət edən qatarlardan ibarət sürətli və əlaqələndirilmiş nəqliyyat şəbəkəsinin yaradılmasını nəzərdə tutur ki, bu da səyahət vaxtını azaltmağa və sərhəd bağlantılarını yaxşılaşdırmağa imkan verəcək.
Təşəbbüsün ikinci hissəsi olan Dayanıqlı Nəqliyyat İnvestisiya Planı (STIP) aviasiya və su nəqliyyatı üçün ekoloji cəhətdən təmiz yanacaq növlərinin istehsalını və tətbiqini dəstəkləməyə yönəlib.
Bu tədbirlərin həyata keçirilməsi üçün 2027-ci ilədək InvestEU, Avropa Hidrogen Bankı və İnnovasiya Fondu da daxil olmaqla, Aİ alətlərindən ən azı 2,9 milyard avronun ayrılması nəzərdə tutulub.
Bundan başqa, Avropa Komissiyası üzv dövlətlərlə birlikdə 2025-ci ilin sonunadək aviasiya üçün sintetik yanacağın tətbiqi məqsədilə eSAF Coalition pilot layihəsini işə salmağı planlaşdırır. Təşəbbüs çərçivəsində ən azı 500 milyon avro məbləğində vəsaitin səfərbər edilməsi nəzərdə tutulur.