AK daxili yanma mühərrikli avtomobillərə qoyulan qadağanı 2035-ci ildən yenidən nəzərdən keçirə bilər

Digər ölkələr
  • 16 dekabr, 2025
  • 23:23
AK daxili yanma mühərrikli avtomobillərə qoyulan qadağanı 2035-ci ildən yenidən nəzərdən keçirə bilər

Avropa Komissiyası (AK) 2035-ci ildən daxili yanma mühərrikli (DYM) yeni avtomobillərin satışına faktiki qadağa qoyulması ilə bağlı qərarın yenidən nəzərdən keçirilməsini və avtomobil istehsalçılarına ekoloji təmiz nəqliyyata keçid üçün daha çevik şərtlərin təqdim olunmasını təklif edir.

"Report" xəbər verir ki, bu barədə "Bloomberg" məlumat yayıb.

Bildirilib ki, AK-nın yeni təklifləri 2021-ci il səviyyəsindən hesablanaraq növbəti onilliyin ortalarına qədər qaz tullantılarının azaldılması üzrə hədəf göstəricisinin əvvəlki 100%-dən 90%-ə endirilməsini nəzərdə tutur.

Bu təkliflər qəbul ediləcəyi halda, Avropa avtomobil istehsalçıları müəyyən sayda yeni DYM-li avtomobilləri, qoşulan hibridləri və artırılmış məsafə ehtiyatına malik maşınları satmağa davam edə biləcək. Lakin onlar ətraf mühitin həddindən artıq çirklənməsini bərpa olunan və aşağı karbonlu yanacaqdan, həmçinin yerli istehsal olan ekoloji təmiz poladdan istifadə etməklə azaltmalıdırlar.

"Bu təkliflər paketi Avropa avtomobil sənayesi üçün xilasedici dairə olacaq", – deyə AK-nın sədr müavini Stefan Sejurne bildirib.

Təkliflər Avropa Parlamenti və Avropa İttifaqı Şurasında müzakirə olunacaq. Hər iki instansiya sənədə öz düzəlişlərini edə bilər. Yekun sənəd üçtərəfli məsləhətləşmələr nəticəsində razılaşdırılacaq.

Son xəbərlər

Bütün Xəbər Lenti