Aİ vəsait qıtlığı fonunda ölkələri Ukraynaya ikitərəfli yardımı sürətləndirməyə çağırıb
- 01 sentyabr, 2026
- 21:18
Yeniliklərdən dərhal xəbərdar olun!
Avropa İttifaqı (Aİ) üzv dövlətləri Ukraynaya sonrakı mərhələdə ayırmağı planlaşdırdıqları vəsaitləri daha tez təqdim etməyə çağırıb.
"Report"un Avropa bürosu xəbər verir ki, bu barədə Avropa diplomatiyasının rəhbəri Kaya Kallas İrlandiyada Aİ ölkələrinin müdafiə nazirlərinin qeyri-rəsmi görüşünün yekunlarına dair mətbuat konfransında bildirib.
O qeyd edib ki, söhbət Ukraynaya razılaşdırılmış 90 milyard avro məbləğində kreditin vaxtından əvvəl yenidən bölüşdürülməsindən deyil, üzv dövlətlərin öz töhfələrinin sürətləndirilməsindən gedir.
Kallas əlavə edib ki, 90 milyard avroluq kreditin ayrılması çərçivəsində Aİ-nin artıq konkret planları müəyyənləşdirilib və zəruri qərarlar qəbul edilib. Onun sözlərinə görə, Ukraynaya artıq 8 milyard avrodan bir qədər çox vəsait təqdim olunub.
İrlandiyanın xarici işlər, ticarət və müdafiə naziri Helen Makinti isə birgə mətbuat konfransında qeyd edib ki, üzv dövlətlərin çoxu bu çağırışı dəstəkləyib. Onun sözlərinə görə, görüşdə Ukrayna tərəfinin təqdim etdiyi məlumatlar mövcud yardım çatışmazlığını göstərir, xüsusilə də qış mövsümünün yaxınlaşması nəzərə alınmaqla.