Aİ Şurası Rusiya ilə əlaqəsi olan fiziki və hüquqi şəxslərə qarşı sanksiyaların müddətini uzadıb
- 03 oktyabr, 2025
- 20:32

Avropa İttifaqı Şurası Rusiyanın ölkə xaricində sabitliyi pozan hərəkətlərinə görə məsuliyyət daşıyan fiziki və hüquqi şəxslərə qarşı məhdudlaşdırıcı tədbirlərin müddətinin 2026-cı il oktyabrın 9-dək uzadılması barədə qərar qəbul edib.
Bu barədə "Report"un Avropa bürosu Aİ Şurasına istinadən məlumat verir.
"Rusiya xaricdə hibrid fəaliyyətini, o cümlədən Aİ, onun üzv dövlətləri və tərəfdaşlarına qarşı informasiya manipulyasiyası və müdaxiləsini (FIMI) davam etdirir", - məlumatda bildirilir.
Siyahıda hazırda 47 fiziki və 15 hüquqi şəxs var. Onların aktivləri dondurulub, Aİ vətəndaşlarına və şirkətlərinə isə onlara vəsait, maliyyə aktivləri və ya iqtisadi resurslar təqdim etmək qadağan edilib. Fiziki şəxslərin Aİ ərazisinə daxil olması və tranzit kimi oradan keçməsi də qadağan edilib.
Siyahıda Rusiya Televiziya və Radio Yayımları Şəbəkəsi və onun bəzi rəhbərləri, blogerlər, Baltik Dənizi Radioelektron Mübarizə Mərkəzi, BRICS Jurnalistləri Assosiasiyası, onlayn resurslar, qeyri-hökumət təşkilatları və başqaları yer alır.