Aİ ölkələrinin səfirləri Rusiya aktivlərinin qeyri-müəyyən müddətə dondurulması qərarını təsdiqləyiblər - YENİLƏNİB
- 11 dekabr, 2025
- 23:16
Avropa İttifaqı (Aİ) ölkələrinin səfirləri Avropa Komissiyasının (AK) təqdim edilmiş hüquqi mexanizmə uyğun olaraq Avropada saxlanılan təxminən 210 milyard avro həcmində Rusiya dövlət aktivlərinin qeyri-müəyyən müddətə dondurulması təklifini təsdiqləyiblər.
"Report"un Avropa bürosunun Danimarkanın Aİ-dəki sədrliyinə istinadən məlumatına görə, cümə axşamı Avropa Komissiyasına Ukraynaya müharibədən sonrakı reparasiyalar ödənilənədək aktivlərin bloklanmasına imkan yaradacaq fövqəladə səlahiyyətlər verilib.
Bəyanatda qeyd olunub ki, səfirlər 122-ci maddə ilə bağlı təklifin yenidən baxılmış versiyasını səs çoxluğu ilə razılaşdırıb və rəsmi qərarın qəbul edilməsi üçün yazılı prosedurun başlanmasına icazə veriblər.
Daha əvvəl Rusiya aktivlərinin dondurulması qərarı hər altı aydan bir yekdilliklə yenilənirdi və bu zaman Macarıstanın veto qoyma imkanı var idi.
Hazırlanmış mətnə əsasən, Rusiyanın Ukraynaya qarşı müharibəsi Aİ-də ciddi iqtisadi problemlər yaradır. Buna görə də ittifaq iqtisadiyyatına dəyən zərəri məhdudlaşdırmaq üçün bu aktivlərin Rusiyaya köçürülməsinin təcili olaraq qarşısı alınmalıdır.
Avropa İttifaqı (Aİ) dekabrın 12-si fövqəladə səlahiyyətlərdən istifadə etməklə Rusiya aktivlərinin dondurulması müddətini uzatmaq razılığına gəlmək niyyətindədir.
"Report" xəbər verib ki, bu barədə "Bloomberg" agentliyi mənbələrə istinadən məlumat yayıb.
"Avropa İttifaqı artıq dekabrın 12-si fövqəladə səlahiyyətlərdən istifadə etməklə Rusiya aktivlərinin dondurulmasını uzatmaq razılığına gəlməyə çalışır. Bu, həmin vəsaitlərin Ukraynaya yardım üçün cəlb edilməsi yolunda əsas addımdır. Avropa Komissiyası tezliklə həftənin sonuna qədər razılaşmanın əldə edilməsi məqsədilə bu məsələ ilə bağlı təklif təqdim edəcək", - qeyd edilib.