Aİ liderləri 2030-cu ilə qədər Avropanın müdafiə hazırlığını artırmağa razılaşıblar
- 23 oktyabr, 2025
- 20:47

Avropa İttifaqı (Aİ) ölkələrinin liderləri artan təhdidlərə, o cümlədən də Rusiya və Belarusdan gələcək təhdidlərə daha avtonom və effektiv cavab vermək üçün 2030-cu ilə qədər Avropanın müdafiə hazırlığını əhəmiyyətli dərəcədə artırmağa razılaşıblar.
"Report"un Avropa Bürosunun məlumatına görə, bu barədə müdafiə hazırlığı məsələləri üzrə sammitin yekun bəyanatında bildirilib.
"Rusiyanın Ukraynaya qarşı təcavüzü, onun Avropa və qlobal təhlükəsizlik üçün nəticələri Aİ üçün ekzistensial problem yaradır", - sənəddə deyilir.
Yaxın aylarda Avropa dövlətləri Aİ səviyyəsində müəyyən edilmiş bütün müdafiə qabiliyyəti prioritetləri üzərində işə başlamalıdır. Avropa Müdafiə Agentliyi (EDA) buna dəstək verəcək.
2025-ci ilin sonuna qədər ölkələr "imkanlar koalisiyaları"nın formalaşdırılmasını başa çatdırmalı və 2026-cı ilin birinci yarısında konkret birgə layihələrə başlamalıdırlar.
Aİ Avropa müdafiəsinin sənaye və texnoloji bazasını gücləndirməklə idxaldan asılılığını azaltmaq, əsas silahlardakı çatışmazlıqları aradan qaldırmaq niyyətindədir.
Sammitdə əsas diqqət xarici sərhədlərin qorunması, hibrid və kiber təhlükələrin aradan qaldırılması, kritik infrastrukturun - enerji, rəqəmsal və sualtı infrastrukturun qorunmasına yönəlib.
Avropa Şurası üzv dövlətləri xərcləri azaltmaq və sistemin qarşılıqlı fəaliyyətini yaxşılaşdırmaq üçün müdafiə investisiyalarını silahların birgə işlənib hazırlanması, istehsalı və tədarükünə yönəltməyə çağırıb. "Ukraynanın Avropanın müdafiə sənayesində, xüsusən də innovasiya və qabaqcıl texnologiyalar sahələrində iştirakı vacibdir", - bəyanatda deyilir.
2025-ci ilin sonuna qədər Avropa Komissiyası investisiya qaydalarının sadələşdirilməsi və müdafiə sənayesinin transformasiyası üçün yol xəritəsinin hazırlanması üçün yeni təkliflər təqdim etməli, EDA isə Aİ-nin müdafiəyə hazırlığına dair illik hesabat hazırlamalıdır.
Bəyanatda o da vurğulanır ki, bu həll NATO-ya alternativ deyil, onu tamamlayır.