Aİ Kanadanın SAFE müdafiə proqramında iştirakını dəstəkləyib
- 19 dekabr, 2025
- 21:31
Avropa İttifaqı (Aİ) üzvü olan dövlətlərin daimi nümayəndələri qitənin müdafiə məqsədləri üçün maliyyə mexanizmi olan SAFE ("Security Action for Europe") proqramı çərçivəsində Kanada ilə ikitərəfli saziş layihəsini təsdiq ediblər.
"Report" bu barədə xarici mediaya istinadən xəbər verir.
"Kanada 150 milyard avro həcmində müdafiə proqramında iştirak edən ilk qeyri-Avropa ölkəsi olacaq, bu alət prioritet vasitələrə xüsusi diqqət yetirməklə birgə satınalmalarla müdafiə sənayesi istehsalına sərmayə qoymaq istəyən Aİ-yə üzv dövlətlər tərəfindən dəstəklənir", - Aİ Şurasının dərc etdiyi bəyanatda qeyd olunub.
Aİ-nin qiymətləndirməsinə görə, qəbul edilmiş qərar Avropa İttifaqı və Kanadanın təhlükəsizlik, müdafiə sahəsində əlaqələrini dərinləşdirmək, birgə əməkdaşlığını daha da gücləndirmək istəyini əks etdirir.
Brüssel xatırladıb ki, SAFE-ə əsasən, satınalma müqavilələri Aİ, Avropa İqtisadi Zonasının dövlətləri - Avropa Azad Ticarət Assosiasiyası və Ukrayna xaricində istehsal edilən xammalın dəyərinin son məhsulun komponentlərinin qiymətləndirilmiş dəyərinin 35%-dən çox olmadığına təminat verməlidir.
Bəyanatda qeyd edilib ki, Kanadanın SAFE-də iştirakının dərəcəsi Ottavanın maliyyə töhfəsindən asılı olacaq.