Aİ COP31-də istixana qazları emissiyalarının azaldılması üzrə tədbirlər kompleksi təklif edəcək

Digər ölkələr
  • 12 oktyabr, 2026
  • 09:33
Aİ COP31-də istixana qazları emissiyalarının azaldılması üzrə tədbirlər kompleksi təklif edəcək

Avropa İttifaqı (Aİ) qarşıdan gələn COP31 iqlim sammitində istixana qazları emissiyalarının azaldılması üzrə tədbirlər kompleksinin razılaşdırılmasına nail olmaq niyyətindədir.

"Report" xəbər verir ki, bu barədə "Reuters" Aİ-nin daxili sənədinə istinadən məlumat yayıb.

Sənədə əsasən, Avropa İttifaqı ölkələrin artıq qəbul etdiyi iqlim öhdəliklərinin praktiki icrasına diqqət yetirməyi təklif edəcək.

Əsas təşəbbüslərdən biri müddəti bu il başa çatan istixana qazları emissiyalarının azaldılması üzrə BMT proqramının 2040-cı ilə qədər uzadılması olacaq.

Bununla yanaşı, Aİ iqlimin maliyyələşdirilməsi üzrə yeni öhdəliklər götürməyi planlaşdırmır. Bu da "Reuters"in qiymətləndirməsinə görə, inkişaf etməkdə olan ölkələrlə fikir ayrılıqlarına səbəb ola bilər.

Xatırladaq ki, BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) 2026-cı il noyabrın 9-dan 20-dək Türkiyənin Antalya şəhərində keçiriləcək.