Aİ: Çin Avropa avtomobil istehsalçılarına əsas çiplərin tədarükünü bərpa edəcək
- 09 noyabr, 2025
- 00:19
Çin Avropanın avtomobil sənayesinə yarımkeçirici ixracına qoyulan məhdudiyyətləri aradan qaldırmağa razılıq verib.
"Report"un Avropa Bürosunun məlumatına görə, bu barədə Avropa Komissiyasının vitse-prezidenti və ticarət üzrə komissarı Maroş Şefçoviç "X"də yazıb.
Onun sözlərinə görə, Pekin çiplərin yalnız mülki məqsədlər üçün istifadə edilməsi şərti ilə müəyyən lisenziya güzəştləri verəcək.
"Yarımkeçiricilərin təchizatının dayanıqlı və tam bərpasını təmin etmək üçün Çin və Niderland hakimiyyəti ilə sıx əməkdaşlıq edirəm", - Şefçoviç qeyd edib.
Bazar böhranı Niderland hakimiyyətinin oktyabr ayında Çinin "Wingtech" şirkətinə məxsus çip istehsalçısı "Nexperia"ya nəzarəti ələ keçirməsindən və Pekinin cavab olaraq sərt ixrac məhdudiyyətlərini tətbiq etməsindən sonra başlayıb.
"Bloomberg" qeyd edib ki, Niderlandın Baş naziri Dik Sxof COP30 iqlim sammitində Pekinin artıq Haaqaya Çin fabriklərindən "Nexperia" məhsullarının tədarükünün tezliklə bərpa olunacağı barədə məlumat verdiyini bildirib.
Sxof qeyd edib ki, razılaşma Niderland, Almaniya, Avropa Komissiyasının əlaqələndirilmiş səylərinin, eləcə də Çinlə birbaşa danışıqların nəticəsidir. Bu, həmçinin Vaşinqton və Pekin arasında ticarət gərginliyinin azaldılmasına nail olunması ilə üst-üstə düşüb.
Bundan əvvəl, Almaniyanın avtomobil istehsalçıları da çip idxalına oxşar icazəni təsdiqləyiblər.