Ağ Ev: Ukrayna ilə yenilənmiş sülh müqaviləsi layihəsi hazırdır
- 24 noyabr, 2025
- 04:35
Cenevrədə 23 noyabr 2025-ci ildə Birləşmiş Ştatların sülh təklifi ilə bağlı Ukrayna və ABŞ nümayəndələri arasında danışıqlar aparılıb. Danışıqlar konstruktiv və məqsədyönlü olub, ədalətli, davamlı sülhə nail olmaq üçün ortaq öhdəlik vurğulanıb.
"Report"un məlumatına görə, bu barədə Cenevrə danışıqlarından sonra Ağ Evin bəyanatında bildirilib.
Tərəflər məsləhətləşmələrin yüksək məhsuldarlığını qeyd edərək, mövqelərin uyğunlaşdırılmasında və növbəti addımların müəyyənləşdirilməsində əhəmiyyətli irəliləyişləri vurğulayıblar. İştirakçılar qeyd ediblər ki, Ukraynanın suverenliyinə tam zəmanət verən, davamlı və ədalətli sülhü təmin edən yenilənmiş, təkmilləşdirilmiş sülh müqaviləsi layihəsi hazırlanıb.
Ukrayna nümayəndə heyəti müharibəyə son qoymaq və insan itkisinin qarşısını almaq üçün yorulmaz səylərinə görə ABŞ-yə və şəxsən Prezident Donald Trampa minnətdarlığını bildirib.
Tərəflər yaxın günlərdə birgə təkliflər üzərində intensiv işi davam etdirmək və proses boyunca Avropa tərəfdaşları ilə sıx əlaqə saxlamaq barədə razılığa gəliblər.
Layihə ilə bağlı yekun qərarları Ukrayna və ABŞ Prezidentləri verəcək. Eyni zamanda, hər iki tərəf Ukraynanın təhlükəsizliyinə, sabitliyinə və bərpasına zəmanət verən sülhün təmin edilməsi üçün birgə işi davam etdirməyə hazır olduğunu təsdiqləyiblər.