Ağ Ev Ali Məhkəmənin tarifləri ləğv edəcəyi təqdirdə ehtiyat planlar hazırlayır
- 02 noyabr, 2025
- 20:37
ABŞ Prezidenti Donald Tramp administrasiyası Ali Məhkəmənin Amerika liderinin tariflərini qanunsuz hesab edəcəyi təqdirdə ehtiyat planlar üzərində işləyir.
"Report"un məlumatına görə, bu barədə Ağ Evin mətbuat katibi Kerolayn Livitt "Fox News"a müsahibəsində bildirib.
"Bizim ehtiyat planlarımız var və Prezidentin ticarət komandası bu planlar üzərində səylə çalışır, amma Ali Məhkəmənin sonda düzgün qərar verəcəyinə ümid edirik", - o deyib.
Livitt qeyd edib ki, bu işin əhəmiyyəti şişirtmək mümkün deyil. "Prezident öz səlahiyyətlərindən istifadə etməlidir və ümid edirik ki, Ali Məhkəmə bu arqumenti dinləyəcək, keçmişdə dəfələrlə etdiyi kimi qanuna dürüst baxacaq və düzgün qərar verəcək. Bu, təkcə Prezident Tramp üçün deyil, həm də gələcək prezidentlər və onların administrasiyaları üçündür", - o əlavə edib.
Ali Məhkəmə ABŞ administrasiyası tərəfindən tətbiq olunan çoxsaylı tariflərin qanuniliyini araşdırmaq üçün noyabrın 5-də dinləmə təyin edib. Təhqiqat bir qrup iş adamının ABŞ hökumətinə qarşı tariflərin qanunsuz olduğunu və şirkətlərinə zərər verdiyi iddiası ilə məhkəməyə müraciət etməsindən sonra başlayıb.
Avqustun 29-da Kolumbiya Federal Dairəsinin Apellyasiya Məhkəməsi Trampın elan etdiyi rüsumların çoxunu tətbiq etmək üçün lazımi səlahiyyətə malik olmadığını açıqlayıb. Tramp administrasiyası sentyabrın 4-də Ali Məhkəməyə qərarın ləğv olunması ilə bağlı müraciət edib.