Cənub Komandanlığı: ABŞ "Veronica" tankerini saxlayıb - YENİLƏNİB

Digər ölkələr
  • 15 yanvar, 2026
  • 20:09
Cənub Komandanlığı: ABŞ Veronica tankerini saxlayıb - YENİLƏNİB

"Veronica" gəmisi Venesueladan neft daşıyan və ABŞ tərəfindən saxlanılan altıncı neft tankeri olub.

"Report" xəbər verir ki, bu barədə ABŞ Silahlı Qüvvələrinin Cənub Komandanlığının "X" sosial şəbəkəsindəki məlumatında bildirilib.

"Cənub nizəsi" birləşmiş qrupundan olan dəniz piyadaları və dənizçilər Daxili Təhlükəsizlik Nazirliyinin dəstəyi ilə "Gerald R.Ford" aviadaşıyıcısından çıxaraq "Veronica" tankerini heç bir hadisə baş vermədən saxlayıblar", – məlumatda qeyd edilib.

Komandanlığın iddiasına görə, "Veronica" tankeri ABŞ Prezidenti Donald Tramp tərəfindən Karib dənizində sanksiya altında olan gəmilər üçün müəyyən edilmiş karantin qaydalarını pozaraq fəaliyyət göstərib.

"Marinetraffic" gəmi izləmə xidmətinin məlumatına görə, tanker Qayana bayrağı altında hərəkət edirdi.

Bazar ertəsi Ağ Evin mətbuat katibi Kerolayn Livitt jurnalistlərə bildirib ki, Vaşinqton administrasiyası ABŞ hakimiyyətinin icazəsi olmadan Venesueladan çıxan bütün tankerləri saxlamağa davam edəcək.

ABŞ Venesuelanın daha bir tankeri saxlayıb.

"Report" xəbər verir ki, bu barədə "Reuters" agentliyi iki ABŞ məmuruna istinadən məlumat yayıb.

Məmurlar bildiriblər ki, ələkeçirmə Karib dənizində baş verib, lakin onlar gəminin dəqiq adını çəkməyiblər.

Qeyd edilib ki, bu son həftələrdə ələ keçirilmiş və Venesuela neftini daşıyan altıncı gəmidir.

Son xəbərlər

Bütün Xəbər Lenti