ABŞ və Fars körfəzi ölkələri Hörmüz boğazında rüsumların tətbiqi ilə bağlı cəhdləri rədd edib

Digər ölkələr
  • 26 iyun, 2026
  • 01:29
ABŞ və Fars körfəzi ölkələri Hörmüz boğazında rüsumların tətbiqi ilə bağlı cəhdləri rədd edib

ABŞ və Fars Körfəzi Əməkdaşlıq Şurası dövlətləri Hörmüzdə rüsumların, yığımların tətbiq olunması və ya boğaz üzərində nəzarətin qurulması ilə bağlı hər hansı cəhdləri rədd edib.

"Report" ABŞ Dövlət Departamentinə istinadən xəbər verir ki, bu barədə ABŞ və Fars Körfəzi Əməkdaşlıq Şurası ölkələri nazirlər görüşünün yekunlarına dair birgə bəyanatda bildirilib.

Tərəflər vurğulayıblar ki, Hörmüz boğazından azad, maneəsiz gəmiçilik regional və qlobal təhlükəsizliyin əsas şərtidir.

Nazirlər bildiriblər ki, boğazdan keçid üçün rüsumların ödənişi ilə bağlı hər hansı cəhdlər qəbuledilməzdir, çünki tranzit azadlığı prinsipi beynəlxalq hüquqla təmin edilməlidir.

Sənəddə həmçinin regionda gərginliyin azaldılması istiqamətindəki səylərə dəstək və bir sıra ölkələrin vasitəçiliyi ilə ABŞ ilə İran arasında əldə olunmuş razılaşmalar da daxil olmaqla, danışıqlarda diplomatik impulsun qorunub saxlanılmasının vacibliyi qeyd olunub.

Nazirlər xüsusi olaraq Suriya, Livan və Qəzza zolağında təhlükəsizlik məsələləri də daxil olmaqla, Yaxın Şərqdə sabitliyin təmin edilməsinin vacibliyini vurğulayıb, həmçinin region dövlətlərinin suverenliyinin möhkəmləndirilməsi və qeyri-dövlət silahlı qruplaşmalarının təsirinin məhdudlaşdırılması istiqamətində səyləri dəstəkləyiblər.