"Al Hadath": ABŞ Suriyada İŞİD mövqelərinə ikinci hücum dalğasını həyata keçirib
- 20 dekabr, 2025
- 04:12
ABŞ hərbi təyyarələri son bir neçə saat ərzində ikinci dəfə Suriyanın şimalında İŞİD terror qruplaşmasının mövqelərinə hava zərbələri endirib.
"Report" xəbər verir ki, bu barədə "Al Hadath" telekanalı məlumat yayıb.
Məlumata görə, ABŞ Hərbi Hava Qüvvələri Suriyanın şimal bölgələrində yerləşən İŞİD sığınacaqlarına və qərargahlarına yeni hücum dalğası həyata keçirib.
Qeyd olunub ki, əsas zərbə İŞİD-in Deyr əz-Zor vilayətindəki mövqelərinə endirilib.
Bundan başqa, telekanalın məlumatına görə, ABŞ hərbi aviasiyası Homs və Rakka vilayətlərinin kənd yerlərində, həmçinin Tadmur şəhəri yaxınlığında yerləşən terrorçu bazalarına hava zərbələri endirib. Tadmurun kənarında Palmira tarixi-memarlıq kompleksi yerləşir. Məhz bu ərazidə dekabrın 13-də ABŞ Milli Qvardiyasının iki döyüşçüsü və bir amerikalı tərcüməçi öldürülmüşdü.
Telekanalın bildirdiyinə görə, İŞİD-ə qarşı gecə əməliyyatına başlamazdan əvvəl ABŞ hərbçiləri Suriyanın şimal vilayətlərində azı 50 hədəfi müəyyənləşdiriblər. Lakin zərbələrin əvvəlcədən müəyyən edilmiş bütün mövqelərə endirilib-endirilmədiyi barədə məlumat hələlik yoxdur.
Hazırda Suriyanın şimalında bombardmanlar dayandırılıb, lakin ABŞ Hərbi Hava Qüvvələrinin təyyarələri bölgədə patrul uçuşlarını davam etdirir.