ABŞ Serbiyanın NIS neft şirkətinin lisenziyasını iyulun sonunadək uzadıb

Digər ölkələr
  • 01 iyul, 2026
  • 04:38
ABŞ Serbiyanın NIS neft şirkətinin lisenziyasını iyulun sonunadək uzadıb

ABŞ-nin Maliyyə Nazirliyinin Xarici Aktivlərə Nəzarət İdarəsi (OFAC) Serbiyanın sanksiya altında olan NIS neft şirkətinin əməliyyat lisenziyasını 31 iyula qədər uzadıb.

"Report"un məlumatına görə, bu barədə Serbiyanın mədənçilik və energetika naziri Dubravka Cedoviç Handanoviç xəbər verib.

"Biz OFAC-dan NIS-in əməliyyat lisenziyasının daha 30 gün, yəni 31 iyula qədər uzadılması barədə indicə bildiriş aldıq. Beləliklə, Pançevo neft emalı zavodu qlobal enerji böhranı fonunda xüsusilə vacib olan xam neftin emalını davam etdirəcək", - nazir instaqram hesabında yazıb.

Xatırladaq ki, yanvarın 19-da "Qazprom" və Macarıstan şirkəti MOL Serbiyanın NIS şirkətinin səhm paketinin satışı ilə bağlı niyyət sazişinin imzalanmasını elan ediblər. Serbiya hakimiyyəti, Belqradın səhmdarların yığıncağının bir sıra qərarlarına təsir göstərməsinə imkan verəcək şirkətdəki payını 5 % artırmağı planlaşdırdığını açıqlayıb.

Bundan əlavə, MOL, NIS-də azlıq payının mümkün alışı ilə bağlı Birləşmiş Ərəb Əmirliklərinin ADNOC şirkəti ilə danışıqlar aparır.

ABŞ sanksiyaları səbəbindən aktivlərin satışı zəruridir. 2025-ci ilin yanvarında ABŞ Maliyyə Nazirliyi NIS-i əsas səhmdarı olan "Qazprom neft" ilə birlikdə sanksiya siyahısına salıb. Məhdudiyyətlər bir neçə təxirəsalmadan sonra 9 oktyabr 2025-ci ildə qüvvəyə minib.

2025-ci ilin noyabrında Serbiyanın Energetika Nazirliyi NIS-i rusiyalı sahiblərinin şirkət üzərində nəzarəti üçüncü tərəfə ötürmək istədikləri barədə ABŞ-yə məlumat verdiyini açıqlayıb.

44 - Tezliklə