ABŞ Senatı yeddinci dəfə hökumətin maliyyələşdirilməsi ilə bağlı razılığa gələ bilməyib
- 09 oktyabr, 2025
- 23:12

ABŞ Senatı respublikaçılar və demokratlar tərəfindən irəli sürülən hökumətin maliyyələşdirilməsinə dair qanun layihələrini yeddinci dəfə rədd edib.
"Report" xəbər verir ki, iclasın gedişini C-SPAN telekanalı yayımlayıb.
Beləliklə, ölkədə şatdaun (hökumətin fəaliyyətinin qismən dayanması) davam edir.
Hər iki partiyanın təqdim etdiyi qanun layihələri Konqresin yuxarı palatasında təşəbbüsün təsdiqlənməsi üçün lazım olan 60 səs dəstəyini qazana bilməyib.
ABŞ energetika naziri Kris Rayt çıxışı zamanı bildirib ki, şatdaun səbəbindən Vaşinqton yaxın zamanda nüvə arsenalının yenilənməsi üçün vəsaitsiz qala bilər. O, büdcənin razılaşdırılmasının ləngiməsində Demokrat Partiyasının nümayəndələrini günahlandırıb.
Qeyd edək ki, ABŞ-də şatdaun oktyabrın 1-də başlayıb. Bu, hakim Respublikaçılar Partiyası ilə müxalif Demokratlar Partiyasının hökumət xərcləri ilə bağlı razılığa gələ bilməməsi nəticəsində baş verib.
Dövlət qulluqçularının əksəriyyəti ödənişsiz məzuniyyətə göndərilib. Yalnız hərbçilər, tibb işçiləri və sərhədçilər kimi həyati vacib sahələrdə çalışanlar maaşsız fəaliyyətlərini davam etdirirlər.
Ağ Evin İqtisadi Şurası bildirib ki, şatdaun ABŞ-nin ÜDM-ni hər həftə 15 milyard dollar azaldır.