ABŞ "qara siyahı"da olan bir sıra Rusiya təşkilatları barədə məlumatları yeniləyib
- 28 iyul, 2026
- 02:50
Yeniliklərdən dərhal xəbərdar olun!
ABŞ Maliyyə Nazirliyi daha əvvəl sanksiya siyahılarına daxil edilmiş bir sıra Rusiya hüquqi şəxsləri ilə bağlı məlumatları yeniləyib.
"Report"un nazirliyə istinadən verdiyi məlumata görə, sanksiya siyahılarından 84 fiziki və hüquqi şəxs çıxarılıb. Bundan əlavə, 22 mövqe üzrə identifikasiya məlumatlarına dəqiqləşdirmələr edilib.
Xüsusilə, "Zvezdoçka" Gəmi Təmiri Mərkəzi, P.İ. Plandin adına Arzamas Cihazqayırma Zavodu, "Polema" ASC, "Spesialnıye Sistemı. Fotonika" MMC, Birləşmiş Mühərrikqayırma Korporasiyası ASC, "KORUS Konsaltinq" şirkəti, Rusiya vətəndaşı Vladimir Ustinov, eləcə də TASCA neft tankeri ilə bağlı məlumatlar yenilənib.
Qurum bildirib ki, sanksiya siyahılarından İraq və Kolumbiyadan olan bir sıra fiziki və hüquqi şəxslər də çıxarılıb. Qeyd olunub ki, bunlar əsasən vəfat etmiş şəxslər, fəaliyyətini dayandırmış təşkilatlar və barəsində kifayət qədər identifikasiyaedici məlumat olmayan qurumlardır.
Nazirlik vurğulayıb ki, bu dəyişikliklər ABŞ-ın sanksiya sisteminin modernləşdirilməsi çərçivəsində həyata keçirilir və ölkənin xarici siyasət maraqlarına, eləcə də milli təhlükəsizliyinə zərər vurmur. Belə modernləşdirmə planları barədə daha əvvəl ABŞ-ın maliyyə naziri Skott Bessent məlumat vermişdi.