ABŞ rəsmisi: Rusiya-Ukrayna müharibəsində hər iki tərəfə təzyiq göstərəcəyik
- 24 oktyabr, 2025
- 05:36
ABŞ Prezidenti Donald Tramp münaqişə tərəflərini danışıqlar masasına əyləşdirmək üçün həm Rusiyaya, həm də Ukraynaya təzyiq göstərmək niyyətindədir.
"Report"un məlumatına görə, bu barədə ABŞ-nin NATO-dakı daimi nümayəndəsi Metyu Uiteker "Newsmax"a müsahibəsində bildirib.
"Prezident Tramp (Rusiya Prezidenti) Vladimir Putinə təzyiq göstərməyə davam etməyin yollarını araşdırır və açığını deyim, Ukrayna lideri Volodimir Zelenskiyə təzyiq göstərməyə davam edir ki, hər iki tərəfi danışıqlar masasına gətirsin və atəşkəsə razılaşdırsın", - o bildirib.
ABŞ-nin Maliyyə Nazirliyi daha əvvəl "Rosneft" və "Lukoyl" şirkətlərinin, eləcə də bu kompaniyaların 34 törəmə strukturunun adlarını Amerikanın yeni sanksiyalar paketinə daxil etmişdi. Ağ Evin mətbuat katibi Kerolayn Livitt jurnalistlər üçün keçirilən ənənəvi brifinqdə bildirib ki, Vaşinqton bu məhdudiyyətlərin Rusiya-Ukrayna müharibəsi ilə əlaqədar Moskvaya əhəmiyyətli təzyiq göstərəcəyini gözləyir.