ABŞ-nin "USS Gerald R. Ford" aviadaşıyıcısı Yaxın Şərqə istiqamət götürüb
- 15 fevral, 2026
- 13:26
ABŞ Hərbi Dəniz Qüvvələrinin (HDQ) Karib dənizində olan "USS Gerald R. Ford" aviadaşıyıcısı və onun zərbə qrupunun gəmiləri ABŞ və İran arasında gərginliyin kəskin artması fonunda Yaxın Şərqə doğru istiqamət alıb.
"Report" xəbər verir ki, bu barədə "The National Interest" nəşri məlumat yayıb.
Qrupun tərkibinə aviadaşıyıcının hava hücumundan və sualtı qayıqlardan müdafiəsini təmin edən "USS Winston S. Churchill", "USS Bainbridge" və "USS Mahan" raket esminesləri daxildir.
"USS Gerald R. Ford"un göyərtəsində dörd "F/A-18E/F Super Hornet" qırıcı eskadrilyası, həmçinin radioelektron mübarizə və uzaqmənzilli radiolokasiya aşkaretmə və idarəetmə təyyarələri yerləşdirilib.
Hazırda aviadaşıyıcı zərbə qrupu Aralıq dənizinə doğru istiqamət götürüb. Ötən gün gəmilər Atlantik okeanında, Puerto-Rikonun şimalında müşahidə edilib.
"USS Gerald R. Ford" hazırda hərbi əməliyyat gözləntisi ilə İran yaxınlığındakı Ərəb dənizində olan "USS Abraham Lincoln" aviadaşıyıcısına qoşulacaq", - deyə nəşr qeyd edib. Regiona ikinci aviadaşıyıcının göndərilməsi ABŞ-yə hərbi əməliyyatın dəstəklənməsi üçün iki aviadaşıyıcı qanadından istifadə etmək imkanı verəcək.