ABŞ-nin Rusiyadakı səfirinin diplomatik missiyası başa çatır

Digər ölkələr
  • 27 iyun, 2025
  • 11:36
ABŞ-nin Rusiyadakı səfirinin diplomatik missiyası başa çatır

ABŞ-nin Rusiyadakı səfiri Linn Treysinin diplomatik missiyası başa çatır.

“Report” “Reuters”ə istinadən xəbər verir ki, bu barədə ABŞ səfirliyinin bu gün yaydığı məlumatda deyilib.

Bildirilib ki, diplomat Moskva ilə Vaşinqton arasında münasibətlərin ən gərgin dövrlərindən birində diplomatik missiyaya rəhbərlik edib.

"Belə bir çətin dövrdə ölkəmi Moskvada təmsil etməkdən qürur duyuram. Bilirəm ki, səfirlikdəki həmkarlarım münasibətlərimizin yaxşılaşdırılması və Rusiya xalqı ilə əlaqələrin qorunması istiqamətində işi davam etdirəcəklər", - məlumatda Treysinin sözlərindən sitat gətirilib.

Keçmiş Prezident Co Bayden administrasiyası tərəfindən təyin edilmiş Treysi 2023-cü ilin yanvarından Moskvada fəaliyyət göstərirdi.

Diplomat Rusiyada həbsdə olan amerikalıların, o cümlədən jurnalist Evan Gerşkoviç və keçmiş dəniz piyadası Pol Uilanın azad edilməsi ilə bağlı danışıqlarda fəal iştirak edib. Onlar 2024-cü ilin avqustunda genişmiqyaslı məhbus mübadiləsi çərçivəsində azad ediliblər.

Yeni səfirin adı rəsmi olaraq hələ açıqlanmayıb.

Gülnar Mahmudova