ABŞ Maliyyə Nazirliyi Venesuela neftinin hasilatı ilə əlaqəli şirkətin aktivlərini dondurub

Digər ölkələr
  • 09 avqust, 2026
  • 02:09
ABŞ Maliyyə Nazirliyi Venesuela neftinin hasilatı ilə əlaqəli şirkətin aktivlərini dondurub

ABŞ administrasiyası əvvəllər Vaşinqtona Venesuela ilə əlaqələri saxlamağa kömək edən amerikalı sahibkar Harri Sarcentə təzyiqləri artırıb.

"Report" "Bloomberg"ə istinadən xəbər verir ki, avqustun 7-də ABŞ Maliyyə Nazirliyi Sarcentin Britaniyanın Vircin adalarında qeydiyyatdan keçmiş "Bluewave Properties Ltd." ofşor şirkətinin aktivlərini dondurub.

Şirkət "Chevron"dan sonra Venesuelada ikinci ən böyük özəl neft istehsalçısı olan "North American Blue Energy Partners"də minoritar paya malikdir.

Eyni zamanda, ABŞ Maliyyə Nazirliyi Sarcentə biznes fəaliyyətini dayandırmağa imkan verən lisenziya verib.

"Bloomberg"in məlumatına görə, sahibkar əvvəllər ABŞ və Venesuela hakimiyyətləri arasında əlaqələri saxlayıb, müntəzəm olaraq ölkə prezidenti Nikolas Maduro və digər yüksək vəzifəli məmurlarla görüşüb.

Xatırladaq ki, fevral ayında "The Wall Street Journal" Sarcentin Venesuelanın energetika sektorunda sərfəli müqavilələr əldə etmək cəhdləri barədə yazmışdı. Bundan sonra Donald Tramp Amerika hökuməti adından Venesuela ilə yalnız Dövlət Departamentinin səlahiyyət verdiyi şəxslərin əlaqə qura biləcəyini bəyan edərək Sarcentin bu şəxslərə aid olmadığını bildirib.