ABŞ Konqresi 2026-cı il üçün təxminən 900 milyard dollar həcmindəki hərbi xərcləri təsdiqləyib

Digər ölkələr
  • 11 sentyabr, 2025
  • 05:55
ABŞ Konqresi 2026-cı il üçün təxminən 900 milyard dollar həcmindəki hərbi xərcləri təsdiqləyib

ABŞ Konqresinin Nümayəndələr Palatası çərşənbə günü ölkənin 2026-cı maliyyə ili üçün hərbi xərclərini təxminən 900 milyard dollar məbləğində təsdiqləyib. Bu məbləğə Ukraynaya yardım üçün ayrılacaq 400 milyon dollar da daxildir.

"Report" xəbər verir ki, sənədi 231 qanunverici dəstəkləyib, 196 nəfər isə əleyhinə səs verib.

Sənəddə Ukraynaya hərbi yardım üçün 400 milyon dolların ayrılması nəzərdə tutulur. Bu vəsait Ukrayna Təhlükəsizlik Yardımı Təşəbbüsü xətti ilə ayrılacaq. Təşəbbüs çərçivəsində ABŞ Müdafiə Nazirliyi silah və texnikanı birbaşa arsenalından deyil, istehsalçılarla bağlanacaq müqavilələr vasitəsilə təmin edir.

Qanunvericilər həmçinin sənədə ABŞ administrasiyasının Ukraynaya əvvəl Konqres tərəfindən təsdiqlənmiş yardımı dayandırmaq və ya ləğv etmək qərarı verəcəyi halda, Pentaqonun onlara xəbər verməsini tələb edən maddə əlavə ediblər.

ABŞ Senatı hazırda bu qanun layihəsinin öz versiyasını nəzərdən keçirir. O təsdiqləndikdən sonra yekun sənəd xüsusi komissiyada birləşdirilərək hazırlanacaq və yalnız bundan sonra ABŞ Prezidenti Donald Trampın imzasına təqdim olunacaq.