ABŞ hipersəs texnologiya üçün test aparatını buraxıb
- 19 noyabr, 2025
- 05:09
Çərşənbə axşamı "Hypersonic Accelerator Suborbital Test Electron" (HASTE) proqramı ilə suborbital uçuşa başlayan ABŞ-nin "Electron" raketi ölkənin Raket əleyhinə Müdafiə Agentliyi üçün hipersəs texnologiyasını sınaqdan keçirmək üçün aparatı işə salıb.
"Report" xəbər verir ki, bu barədə "Rocket Lab" daşıyıcısının tərtibatçı şirkəti məlumat yayıb.
Buraxılışın məqsədi qabaqcıl raketdən müdafiə texnologiyalarını sınaqdan keçirərək, ölkəni qorumaq üçün milli maraqları təşviq etmək idi.
Gizli "Van" missiyası olan "Electron" raketi ABŞ-nin Virciniya ştatının Atlantik sahillərində yerləşən NASA-nın Uollops kosmodromundan buraxılıb. Aparatın uçuşunun nəticələri və təfərrüatları barədə məlumat verilmir. "Rocket Lab" şirkətinin məlumatına görə, onun daşıyıcıdan 80 km yüksəklikdə ayrılması uğurlu olub.
Bu, hipersəs texnologiyalarının sınağı üçün nəzərdə tutulmuş altıncı uçuşdur. Birinci uçuş 2023-cü ilin iyununda, ikinci və üçüncü uçuş ötən ilin noyabr, dekabr aylarında, dördüncü və beşinci bu ilin sentyabrında keçirilib.