ABŞ Ədliyyə Nazirliyi Epşteyn işi üzrə yeni sənədlər əldə edib
- 25 dekabr, 2025
- 00:43
ABŞ Ədliyyə Nazirliyi azyaşlıların cinsi istismarında ittiham olunan amerikalı maliyyəçi Ceffri Epşteynin işinə potensial aidiyyəti olan yeni sənədlər əldə edib. Bu materialların yoxlanılması və dərci üçün bir neçə həftə vaxt lazım olacaq.
"Report"un məlumatına görə, bu barədə nazirliyin yaydığı açıqlamada bildirilir.
"Nyu-York ştatının Cənub dairəsi prokuroru və Federal Təhqiqatlar Bürosu ABŞ Ədliyyə Nazirliyini Ceffri Epşteyn işi ilə bağlı ola biləcək daha bir milyon sənədin aşkar edilməsi barədə məlumatlandırıb", – açıqlamada qeyd olunub.
Nazirlik dəqiqləşdirib ki, ABŞ Ədliyyə Nazirliyi artıq bu sənədləri qəbul edib və qanunvericiliyin tələblərinə uyğun olaraq dərc olunmazdan əvvəl onların yoxlanışını aparır.
"Bizim hüquqşünaslarımız gecə-gündüz bu sənədləri yoxlayır və qurbanların (Epşteynin əməllərindən zərər çəkmiş şəxslərin – red.) müdafiəsi üçün qanunla tələb olunan dəyişiklikləri edirlər. Biz bu sənədləri mümkün qədər tez dərc edəcəyik. Materialların həcmi böyük olduğu üçün buna daha bir neçə həftə vaxt lazım ola bilər", - deyə Ədliyyə Nazirliyindən vurğulanıb.
Nazirlik yeni sənədlərin məzmunu barədə təfərrüat paylaşmayıb.
"Axios" portalı dekabrın 23-də mənbələrə istinadən xəbər verib ki, ABŞ Prezidenti Donald Trampın administrasiyası təxminən bir həftə ərzində Epşteyn işi ilə bağlı daha 700 min səhifə sənədi yoxlayıb dərc etməyi planlaşdırır. Portalın hökumət rəsmilərindən olan mənbəsinin sözlərinə görə, ABŞ Ədliyyə Nazirliyi artıq bu işlə bağlı təqribən 750 min sənədi açıqlayıb. Onların dərc olunmazdan əvvəl yoxlanışı ilə nazirliyin təxminən 200 əməkdaşı məşğul olur.