ABŞ-də milli təhlükəsizlik siyasəti Avropa üçün diaqnoz adlandırılıb
- 16 dekabr, 2025
- 23:58
ABŞ-nin yeni milli təhlükəsizlik strategiyasında Avropa təhqir edilməyib, ona diaqnoz qoyulub.
"Report"un məlumatına görə, bunu ABŞ Dövlət katibinin iqtisadi artım, energetika və ətraf mühit məsələləri üzrə müavini Ceykob Helberq "Bloomberg" agentliyinə müsahibəsində bildirib.
"Prezidentin (ABŞ Prezidenti Donald Trampın - red.) milli strategiyası təhqir deyil, diaqnoz oldu. Tramp açıq və sadə ifadələrlə Avropanın dönüş nöqtəsi yaşadığını göstərdi", – o vurğulayıb.
Helberq əlavə edib ki, Avropa idarə olunan tənəzzül və bürokratik iflic yolunu, yaxud gəncləşmə, təhlükəsiz sərhədlər və qarşılıqlılıq əsasında ədalətli ticarəti seçə bilər.
5 dekabrda dərc olunmuş sənəddə xüsusilə Avropanın 20 ildən sonra tanınmaz hala düşəcəyi və Avropa İttifaqı rəhbərliyinin, eləcə də digər fövqəlmilli strukturların dağıdıcı siyasəti səbəbindən sivilizasiya kimi məhv olmaq astanasında olduğu barədə narahatlıq ifadə edilib. ABŞ administrasiyası bu səbəbdən bəzi Avropa ölkələrinin Vaşinqtonun etibarlı müttəfiqi olaraq qalmaq üçün lazımi iqtisadi və hərbi potensiala malik olacağına şübhə ilə yanaşıb.
Bundan əvvəl ABŞ Prezidenti Donald Tramp dəfələrlə Avropanı tənqid edib. "Politico"ya verdiyi müsahibədə o, Avropanın aparıcı siyasətçilərinin "indiki tərkibi"ni bəyəndiyini bildirib. Lakin Trampın fikrincə, onlar "öz işlərinin öhdəsindən yaxşı gələ bilmirlər". O qeyd edib ki, gələcəkdə daha uyğun hesab etdiyi Avropa siyasətçilərini dəstəkləyəcək. Tramp həmçinin Avropa ölkələrinin miqrasiya siyasətini bir daha tənqid edərək buna görə gələcəkdə bir çoxunun "yaşamağa yararsız dövlətlərə" çevirəcəyini söyləyib.