ABŞ-də kilsədə baş verən atışmada ölənlərin sayı artıb - YENİLƏNİB-2
- 29 sentyabr, 2025
- 07:04
ABŞ-nin Miçiqan ştatında silahlı şəxsin kilsəyə toplaşanlara atəş açması nəticəsində azı dörd nəfər həlak olub. Bu sayın artacağı ehtimal olunur.
"Report"un yerli mediaya istinadən məlumatına görə, bu barədə Qrand-Blenk şəhərinin polis rəisi Uilyam Reyni bildirib.
Əvvəllər iki nəfərin öldüyü bildirilirdi. "Biz kilsədə daha iki cəsəd tapdıq, beləliklə, qurbanların ümumi sayı indi dörddür", - o, Amerika telekanalları tərəfindən yayımlanan mətbuat konfransında deyib.
Reyni əlavə edib ki, cinayətkar - 40 yaşlı Tomas Xeykob Sənford atışma başladıqdan səkkiz dəqiqə sonra hüquq-mühafizə orqanları tərəfindən öldürülüb.
Dağıntılar altından yeni cəsədlərin tapılacağı istisna edilmir.
ABŞ-nin Miçiqan ştatının Qrand-Blenk şəhərində yerləşən kilsədə atışma nəticəsində bir nəfər ölüb, 9 nəfər yaralanıb.
"Report" xəbər verir ki, bu barədə şəhər polisi məlumat yayıb.
Bildirilib ki, atəş açan 40 yaşlı kişi zərərsizləşdirilib, 10 nəfər isə yaralanıb. Yaralananlardan biri isə xəstəxanada ölüb.
Məlumata görə, şübhəli şəxs avtomatla kilsəyə toplaşanlara atəş açıb, daha sonra isə binanı yandırıb.
Araşdırma davam etdirilir.
ABŞ-nin Miçiqan ştatının Qrand-Blenk şəhərindəki kilsədə atışma baş verib.
Bu barədə "Report" CNN-ə istinadən xəbər verir.
Atışma nəticəsində bir neçə nəfər xəsarət alıb, atəş açan şəxs isə zərərsizləşdirilib.
Hadisədən sonra kilsəni alov bürüyüb. Yerli hakimiyyət orqanları vətəndaşları atışmanın baş verdiyi ərazidən uzaq durmağa çağırıb.
Hücumun nəticələrinin aradan qaldırılması istiqamətində işlər isə hələ də davam etdirilir.