ABŞ-də ali rəhbərliyin təxliyəsi üçün yeni helikopter eskadrilyası yaradılıb

Digər ölkələr
  • 29 avqust, 2026
  • 04:25
ABŞ-də ali rəhbərliyin təxliyəsi üçün yeni helikopter eskadrilyası yaradılıb

Vaşinqton ətrafındakı Endryus aviabazasında son 60 ildə ilk dəfə olaraq ABŞ-nin ali hərbi-siyasi rəhbərliyinin təcili təxliyəsini təmin edəcək yeni helikopter eskadrilyası formalaşdırılıb.

"Report" xəbər verir ki, bu barədə aviabazanın press-relizində bildirilib.

"24-cü helikopter eskadrilyası Milli paytaxt regionunda dövlət idarəçiliyinin fasiləsizliyinin təmin edilməsi üzrə tapşırıqları dəstəkləmək üçün rəsmən formalaşdırılıb. Eskadrilyanın əsas rolu ümummilli miqyaslı fövqəladə hallar, böhranlar və ya paytaxt üçün potensial təhlükələr zamanı hökumətin əsas rəhbərlərinin, hərbi məmurların və kritik əhəmiyyətli şəxsi heyətin təhlükəsiz və sürətli daşınmasını təmin etməkdir", - məlumatda vurğulanıb.

Fövqəladə vəziyyətlərdə, o cümlədən nüvə müharibəsi və ya qlobal böhranlar zamanı eskadrilya rəhbərliyin qorunan bunkerlərə təxliyəsi üçün cəlb ediləcək.

Yeni bölmə köhnəlməkdə olan "UH-1N Huey"ləri əvəz edəcək "HH-60W Jolly Green II" helikopterlərini alacaq. Bu maşınlar onilliklər ərzində 1-ci helikopter eskadrilyasının silahlanmasında olub.