ABŞ Avropada "Antifa" ilə bağlı birlikləri terrorçular siyahısına daxil edib
- 14 noyabr, 2025
- 01:23
Vaşinqton administrasiyası "Antifa" antifaşist hərəkatı ilə əlaqəli Avropanın dörd birliyini beynəlxalq terror təşkilatları siyahısına salıb və onlara qarşı sanksiyalar tətbiq edib.
"Report"un məlumatına görə, bu barədə ABŞ dövlət katibi Marko Rubio açıqlama verib.
Rubionun sözlərinə görə, ABŞ Dövlət Departamenti sanksiyalar siyahısına Almaniyada yerləşən "Antifa Ost"u, "Antifa" ilə əlaqəli, İtaliya və Yunanıstandakı digər üç zorakı qrupu əlavə etmək qərarına gəlib. ABŞ onları beynəlxalq terrorizmə qarşı mübarizə ilə bağlı sanksiyalar siyahısına da əlavə edəcək.
ABŞ Maliyyə Nazirliyinin Xarici Aktivlərə Nəzarət İdarəsinin veb saytında dərc olunan açıqlamada "Antifa Ost" (nazirlik tərəfindən "Hammerbande" kimi də adlandırılır), İtaliyanın "Informal Anarchist Federation/International Revolutionary Front", həmçinin Yunanıstanın "Armed Proletarian Justice и Revolutionary Class Self-Defense"ə qarşı sanksiyaların tətbiq olunduğu bildirilib.
ABŞ-nin Maliyyə Nazirliyi qeyd edib ki, bu təşkilatların hamısı başqa adlarla da tanınır.
Dövlət Departamenti hesab edir ki, bu birliklərin üzvlərinin zorakılıq tarixçəsi var. Departament vurğulayıb ki, təşkilatlara qarşı tətbiq edilən tədbirlər onların ABŞ-nin maliyyə sisteminə və hücumlar həyata keçirmək üçün lazım olan resurslara çıxışını məhdudlaşdırmaq məqsədi daşıyır.