ABŞ 60 ölkəyə qarşı əlavə rüsumlar tətbiq edir
- 24 iyul, 2026
- 05:34
ABŞ öz qiymətləndirmələrinə görə, məcburi əməkdən istifadə edilməklə istehsal olunmuş məhsulların idxalına effektiv qadağa təmin etməyən təxminən 60 ölkənin mallarına 10% və ya 12,5% miqdarında əlavə rüsumlar tətbiq edir.
"Report" xəbər verir ki, ABŞ-nin ticarət nümayəndəsinin müvafiq bildirişi Amerika hökumətinin sənədlər toplusu olan Federal Reyestrdə dərc olunub.
Əlavə rüsumların dərəcəsi müvafiq ölkənin bu cür məhsulların qadağan edilməsi ilə bağlı tədbirlər görüb-görməməsindən asılı olacaq.
10% miqdarında rüsum Argentina, Banqladeş, Kamboca, Kanada, Ekvador, Salvador, Qvatemala, Honduras, Hindistan, İndoneziya, İordaniya, Malayziya, Meksika, Pakistan, Şri-Lanka, Trinidad və Tobaqo, eləcə də Böyük Britaniyadan olan mallara tətbiq ediləcək. Bu dövlətlər artıq müvafiq qadağanı tətbiq edib və ya ABŞ ilə razılaşmalar çərçivəsində belə bir öhdəlik götürüb.
Qalan ölkələr üçün 12,5% dərəcəsi nəzərdə tutulub. Avropa İttifaqı, Yaponiya, Cənubi Koreya, Tayvan və İsveçrəyə münasibətdə xüsusi rejim fəaliyyət göstərəcək: 10% və ya 12,5% miqdarında əlavə rüsumlar ayrı-ayrı mallar üzrə ən əlverişli şərait rejiminin dərəcəsindən əlavə hesablanacaq.
Qərar ABŞ-nin Federal Reyestrində yekun bildirişin dərc olunmasından sonra, Bakı vaxtı ilə 08:01-də qüvvəyə minəcək.