Torontoda 8 Noyabr – Zəfər Günü qeyd olunub
- 09 noyabr, 2025
- 17:13
Kanadanın Toronto şəhərində 8 Noyabr – Zəfər Günü münasibətilə bayram tədbiri keçirilib.
Bu barədə "Report"a Diasporla İş üzrə Dövlət Komitəsindən bildirilib.
Tədbir Komitənin tabeliyindəki Azərbaycan Diasporuna Dəstək Fondunun və Azərbaycan Respublikasının Kanadadakı Səfirliyinin dəstəyi, eləcə də Torontoda fəaliyyət göstərən "Vətən" Azərbaycan İncəsənət və Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə baş tutub.
Bayram tədbiri Əməkdar artist Həsən Enaminin ifasında Azərbaycan Respublikasının və Kanadanın Dövlət himnlərinin səsləndirilməsi ilə başlayıb.
"Vətən" Azərbaycan İncəsənət və Mədəniyyət Mərkəzinin rəhbəri, Torontodakı Azərbaycan Evinin direktoru Lalin Həsənova və Azərbaycan Respublikasının Kanadadakı müvəqqəti işlər vəkili Vüsal Süleymanov çıxış edərək tədbirin ərsəyə gəlməsində iştirak edən hər kəsə təşəkkür ediblər. Vətən müharibəsində qazandığımız şanlı qələbənin Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan ordusunun, şəhidlərimizin və qazilərimizin sayəsində mümkün olduğunu vurğulayıblar.
Tədbirdə Kanada Azərbaycan Evinin nəzdində fəaliyyət göstərən "Mənim Azərbaycanım" həftəsonu məktəbinin şagirdləri və rəqs qrupunun rəhbəri Orxan İslamovun təqdimatında Azərbaycanın milli rəqsləri nümayiş etdirilib. Həmçinin azərbaycanlı rəssam Vüsalə Zeynallının işğaldan azad olunan əraziləri təsvir edən əsərləri sərgilənib.