Kolumbiya parlamentində Xocalı soyqırımı barədə bəyanat qəbul edilib

Diaspor
  • 26 fevral, 2021
  • 13:25
Kolumbiya parlamentində Xocalı soyqırımı barədə bəyanat qəbul edilib

Kolumbiya Senatının Xarici əlaqələr daimi Komissiyası və yuxarı palatada fəaliyyət göstərən Kolumbiya-Azərbaycan parlamentlərarası dostluq qrupu tərəfindən Xocalı soyqırımının 29-cu ildönümü ilə əlaqədar bəyanat qəbul edilib.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən "Report"a verilən məlumata görə, senatın birinci vitse-spikeri, adıçəkilən daimi komissiyanın sədri və çoxsaylı senatorlar tərəfindən imzalanmış sənəddə 1992-ci ilin 26 fevral tarixində azərbaycanlı mülki əhaliyə qarşı Xocalı şəhərində soyqırımı törədildiyi, bu zaman 63-ü azyaşlı uşaq, 106-sı qadın və 70-i yaşlı olmaqla 613 nəfər dinc sakinin qətlə yetirildiyi qeyd olunub.

Sənəddə bir sıra dünya ölkələrinin qanunverici orqanları tərəfindən tanınmış Xocalı soyqırımının 29-cu ildönümünün Kolumbiya Senatı tərəfindən qeyd edildiyi və faciə qurbanlarının xatirəsinin anıldığı bildirilib.

Bəyanatda həlak olmuş soydaşlarımızla əlaqədar dost ölkə Kolumbiyanın Azərbaycan hökumətinə, xalqına həmrəyliyi və başsağlığı diləkləri çatdırılıb.