Gürcüstanda azərbaycanlı məktəblilər üçün imla müsabiqəsi elan olunub
- 02 aprel, 2019
- 12:15
Yeniliklərdən dərhal xəbərdar olun!
Gürcüstanda qeyri-gürcü dilli məktəblərin və bölmələrin IX sinif şagirdləri üçün “Mən gürcü dilində yazıram” adlı imla müsabiqəsi elan olunub.
“Report”un yerli bürosu xəbər verir ki, müsabiqə Gürcüstanın Barışıq və Vətəndaş Bərabərliyi Məsələləri üzrə Dövlət Naziri Aparatının təşəbbüsü ilə keçirilir.
Müsabiqənin əsas məqsədi dövlət dilinin təbliği, milli azlıqlardan olan şagirdlərin gürcü dilində yazı imkanlarının inkişaf etdirilməsidir.
Yarışma 3 mərhələdən ibarət olacaq. İlkin mərhələdə qeyri-gürcü dilli məktəb müvafiq resurs mərkəzinə IX sinif şagirdinin namizədliyini təqdim etməlidir. İkinci mərhələdə şagirdlər 120-130 sözdən ibarət imla yazacaqlar və nəticədə hər bir resurs mərkəzi 2 qalib müəyyən edəcək. Üçüncü mərhələdə isə şagirdlər orta çətinlikli və müəyyən vaxt çərçivəsində imla yazmalı olacaqlar. Qaliblər isə 150 sözdən ibarət mürəkkəb mətn yazacaqlar.
Tbilisi Dövlət Universitetinin yaratdığı komissiya aprelin 14-də Gürcü dili gününə həsr olunmuş tədbirdə 3 qalib elan edəcək. Müsabiqə qalibləri sertifikat və hədiyyələrlə təltif olunacaqlar.
Müsabiqə Gürcüstanın Təhsil, Elm, Mədəniyyət və İdman Nazirliyinin dəstəyi ilə təşkil olunub.