Şərqi Avropa Azərbaycanlılarının Koordinasiya Şurasının Serbiya üzrə koordinatoru seçilib
- 18 iyun, 2026
- 23:08
Yeniliklərdən dərhal xəbərdar olun!
Azərbaycanın Diasporla İş üzrə Dövlət Komitəsi Serbiyadakı Azərbaycan icmasının üzvləri ilə görüş keçirib.
"Report"un Balkan bürosu xəbər verir ki, görüş komitə ilə Serbiyanın Belqrad Universitetindəki Azərbaycan Dili və Mədəniyyəti Mərkəzinin birgə təşkilatçılığı ilə baş tutub.
Bu çərçivədə Serbiyanın Belqrad Universitetində fəaliyyət göstərən Azərbaycan Dili və Mədəniyyət Mərkəzinin rəhbəri, filologiya üzrə fəlsəfə doktoru Günel Babanlı mərkəzin fəaliyyəti barədə icma üzvlərinə qısa məlumat verib. Daha sonra Diasporla İş üzrə Dövlət Komitəsinin Avropa şöbəsinin müdiri Leyla Həmzəyeva komitənin fəaliyyəti barədə danışıb. O bildirib ki, komitə tərəfindən mütəmadi olaraq xaricdə yaşayan azərbaycanlılarla koordinasiya şuraları vasitəsilə əlaqə yaradılır.
Daha sonra Leyla Həmzəyeva 2022-ci ildə vəfat etmiş Azərbaycan Mədəniyyət Mərkəzinin mərhum rəhbəri Zərifə Əlizadənin "Diaspor fəaliyyətində xidmətinə görə" medalını onun qızı Mina Ristiç Yoniçə təqdim edib.
Tədbirin rəsmi hissəsinin sonunda icma üzvlərinin səsverməsi ilə Günel Babanlı Şərqi Avropa Azərbaycanlılarının Koordinasiya Şurasının Serbiya üzrə koordinatoru seçilib. Yekunda icma üzvləri üçün musiqi proqramı təşkil olunub. Məşhur serb opera ifaçısı Yasmina Trumbetaş "Ey əziz anam" və "Koroğlu" operasından Nigarın ariyasını ifa edib.
Daha sonra Azərbaycan xalq mahnısı "Sarı gəlin" ifa olunub. Əsər skripkada Katarina Nenadoviç, fortepianoda isə Mina Ristiç Yoniç tərəfindən müşayiət olunub.