Yusif Vəliyev: Bu gün Azərbaycanın ən irimiqyaslı layihəsi olan Yay Fest 2026-ya start verilir
- 13 iyul, 2026
- 18:27
Yeniliklərdən dərhal xəbərdar olun!
Bu gün Azərbaycanın həm iştirakçı sayına, həm də keçirilmə müddətinə görə ən irimiqyaslı layihəsi olan Yay Fest 2026-ya start verilir.
"Report"un Şamaxıya ezam olunan əməkdaşı xəbər verir ki, bunu Gənclər Fondunun icraçı direktor vəzifəsini icra edən Yusif Vəliyev jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, Yay Fest və ümumilikdə səkkiz həftə ərzində təşkil olunacaq düşərgələrdə iki mindən artıq gəncin iştirakı nəzərdə tutulub:
"Bu, yalnız açıq havada keçirilən düşərgə formatı deyil, eyni zamanda dövlət gənclər siyasətinin əsas prioritetlərini təşviq edən bir platformadır. Ümumilikdə gənclər burada ekspertlər tərəfindən təlimlər alacaq, asudə vaxtlarını səmərəli təşkil edəcək, birlikdə komanda ruhunun formalaşdırılması istiqamətində fəaliyyət göstərəcəklər".
Y. Vəliyev qeyd edib ki, əsas məqsəd gənclərin həm şəxsi, həm də peşəkar inkişafına dəstək olmaq və dövlətçilik ənənələrini təşviq etməkdir:
"Ümumilikdə Yay Fest-in builki konsepsiyası süni intellekt və rəqəmsal transformasiyaya həsr olunub. Səkkiz həftə ərzində müxtəlif dövlət qurumlarının rəsmi nümayəndələri tərəfindən bu mövzular ətrafında da gənclərimizlə görüşlər keçiriləcək".