Qərbi Azərbaycan Xronikası: “Yoldaşımı və 3 uşağımı erməni əşyası ilə dəyişdilər”
- 01 sentyabr, 2023
- 18:00
Yeniliklərdən dərhal xəbərdar olun!
Bu gün "Baku Tv"də Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində jurnalist Əsgər İbrahimovun müəllifi olduğu “Həyat Hekayəsi” verilişinin növbəti buraxılışı efirə gedib.
“Report” xəbər verir ki, “Rus əsgərləri 15 ailəni tanka doldurub kənddən çıxardılar” adlı veriliş Pəmbək mahalının Böyük Qarakilsə rayonunun (keçmiş Kirovakan, indiki Vanadzor) Lermontov (Antaraşen) kənd sakini Novruz Rüstəmovun həyat hekayəsinə həsr olunub.
O, uşaqlıq illərinin çox yaxşı keçdiyini, doğma kəndinə bağlı olduğunu deyib: “Böyük çaylarımız, meşələrimiz, yaylaqlarımız var idi. Orada gördüyümü heç yerdə görməmişəm. Məktəbi rus, erməni dilində oxumuşuq. Bizdə Azərbaycan dili olmayıb. Atamız, anamız Azərbaycan dilində danışıb, biz də onlardan götürüb öz dilimizdə danışmışıq. Rus, erməni və malakanların içərisində yaşasaq da, çalışmışıq öz dilimizi unutmayaq”.
N.Rüstəmov məktəb illərində uşaqlarla Böyük çaydan balıqlar tutduqlarını, Novruz bayramını yüksək səviyyədə keçirdiklərini xatırladıb, ermənilərin onları həmişə türk kimi tanıdığını deyib.
Onun sözlərinə görə, 27 yaşında qaçqın düşüb: “Mən 1988-ci ildə Ermənistandan Stavropol şəhərinə getdim. Orada eşitdim ki, ermənilər bizimkiləri deportasiya ediblər, bizim millətin hamısını oradan vəhşicəsinə çıxarıblar. Bizim camaat Qazax rayonuna gəlib. Mənim ailəmi – yoldaşımı və 3 uşağımı erməni əşyasına dəyişiblər. Erməninin bir maşın əşyasını buradan o tərəfə buraxdılar, mənim ailəmi də Qazağa buraxdılar. Bizim əşyamızın hamısı orada qaldı. Bizim heç nəyimiz oradan çıxarılmadı.
Azərbaycanlılar çıxanda onları daşa basmışdılar, çoxunun əşyalarını yandırmışdılar. Ona görə də kənddə rus zabitləri 15 evin adamını məcbur tanka doldurub Qazaxla sərhədə gətirmişdilər. Qazaxda kimini adamla, kimini də erməninin ev əşyaları ilə dəyişmişdilər”.
Vətən həsrətinin çox çətin olduğunu söyləyən Pəmbək mahalı sakini nə vaxtsa doğma yurda qayıdacağına əminliyini bildirib: “Bəli, biz çox böyük həvəslə həmin öz yerimizə qayıtmaq istəyərdik. Bizim yaşadığımız yer kurort yeri olub, turbaza olub. Orada yaxşı qazlı sular çıxırdı. Elə su idi ki, onun təbii qazından bir stəkan içə bilməzdin. Meşələrdə gözəl mineral sularımız olub. O suyu at ilə, ulaq ilə kəndə gətirirdik. O su ayaq müalicəsi üçün idi. Bizim kəndin havası da çox gözəl olub, meyvəsi də yaxşı olub - hər şeyi yaxşı idi. Bax, elə bizim kəndimizin havası, meyvəsi, bitkiləri yaxşı olduğuna görə biz ora qayıtmaq istəyirik”.
Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi qədim torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri – qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, xaçdaşlar, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.
Həmçinin, Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi “XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin”, – fikrini əsas tutaraq Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasında irəli gələn vəzifələrin təbliğidir.
Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.
Veriliş sentyabrın 1-də saat 19:30-da Baku Tv-nin efirində və Youtube kanalında yayımlanıb.