Xocalıda Heydər Əliyevin anım günü ilə əlaqədar ağacəkmə aksiyası keçirilib
- 12 dekabr, 2025
- 11:27
Dekabrın 12-də Xocalı rayonunun Ballıca kəndində ümumilli lider Heydər Əliyevin anım günü əlaqədar ağacəkmə aksiyası keçirilib.
Bu barədə "Report"a Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
Bildirib ki, aksiya zamanı ərazidə badam, şam və digər müxtəlif növ 220 ağac əkilib. Tədbirdə Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Elçin Yusubov, Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin icraçı direktoru Telman Kərimli, xüsusi nümayəndəliyin və xidmətin əməkdaşları, yerli sakinlər və Vüqar Həşimov Memorialının Təşkilat Komitəsinin sədri Sərxan Həşimov, Memorialın baş hakimi Rauf Hacılı, Vüqar Həşimov Fondunun direktoru Anar Allahverdiyev də iştirak edib.
Əkilən ağaclara ilkin qulluq göstərilib, suvarma işləri həyata keçirilib.
Tədbir Heydər Əliyevin yaşıllaşdırma və təbiətin qorunması sahəsində formalaşdırdığı dövlət siyasətinə hörmət və ehtiramın ifadəsi kimi dəyərləndirilib.