"Xocalı Ensiklopediyası"nın təqdimatı olub
- 07 avqust, 2026
- 16:29
Xocalı şəhərində "Xocalı Ensiklopediyası"nın təqdimatı keçirilib.
Bu barədə "Report"a Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
Bildirilib ki, Azərbaycan Respublikasının Qeyri-hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə çap edilmiş Ensiklopediyanın ideya müəllifi və layihə rəhbəri Səriyyə Müslümqızı, müəllifləri professor Mübariz Allahverdiyev, Rüstəm Hacıyev və Dürdanə Əliyevadır.
Ensiklopediyanın ideya müəllifi və layihə rəhbəri Səriyyə Müslümqızı çıxışında bu sənədli əsərin 3 ilə ərsəyə gəldiyi barədə məlumat verib.
Xocalıdan olan deputat Elman Məmmədov isə "Xocalı Ensiklopediyası"nın bu gün azad Xocalıda təqdimatının keçirilməsinin qürurverici olduğunu, Xocalı haqqında lazımi bilgilərin, soyqırımla bağlı rəsmi sənədlərin də dərc olunduğu bu kitabın göz bəbəyi kimi qorunaraq, gələcək nəsillərə ötürülməsinin vacibliyini xüsusi vurğulayıb.
Digər çıxış edənlər də Xocalı ziyalıları və ictimai xadimləri, xüsusilə Xocalı bəyləri haqqında burda dərc olunan məlumatların böyük maraqla qarşılanacağını bildiriblər.
O da qeyd edilib ki, Xocalıda 46 bəy olub və onlardan bəziləri barəsində məlumatlar əldə etmək mümkün olub.
Qeyd edək ki, ensiklopediya 4 hissədən ibarətdir. 1-ci hissədə Xocalının tarixi, coğrafiyası, memarlıq, arxeoloji abidələri və Xocalı soyqırımı barədə məlumat yer alıb. 2-ci hissə Xocalı soyqırımı qurbanlarının ( həlak olanlar, itkin düşənlər, sağ qalanlar) dəhşətli həyat hekayələrindən ibarətdir. 3-cü hissə Xocalının görkəmli şəxsiyyətlərindən bəhs edir. 4-cü hissədə isə ilk dəfə olaraq Xocalı bəyləri və onların şəcərələri barədə məlumat verilib.