WUF13 həm Azərbaycan, həm də dünya üçün vacib əhəmiyyətli hadisə oldu - RƏY

Daxili siyasət
  • 25 may, 2026
  • 14:07
WUF13 həm Azərbaycan, həm də dünya üçün vacib əhəmiyyətli hadisə oldu - RƏY

Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) həm Azərbaycan, həm də dünya üçün vacib əhəmiyyətli hadisə oldu.

Bu fikri "Report"a açıqlamasında politoloq İlqar Vəlizadə deyib.

O qeyd edib ki, forumda da qeyd edildiyi kimi hazırda dünya sürətli urbanizasiya proseslərini yaşayır, kəndlərdən şəhərlərə köç sürətlənib:

"Son onilliklər ərzində bu, iri şəhərlər, aqlomerasiyalar, inkişafda olan ölkələr üçün müəyyən problemlər yaradıb. Çünki həmin şəhərlərin və yaxud şəhər tipli qəsəbələrin infrastrukturu sıxlığa hesablanmayıb.

Yollar, yaşayış obyektləri, evlərin əlçatanlığı və s. artan miqrasiyaya uyğun gəlmir və nəticə etibarilə böyük problemlər yaradır. Problemlərin həlli üçün müəyyən proqramlar hazırlanmalı, çıxışlar müəyyən olunmalıdır. Xüsusilə, inkişafda olan ölkələr üçün vəsait çatışmazlığı böhranı daha da dərinləşdirir. WUF13-də iştirakçılar bütün bunlara cavab tapmağa çalışdılar".

İ. Vəlizadənin fikrincə, Azərbaycanın burada təcrübəsi önəmlidir:

İlqar Vəlizadə

"Çünki hazırda ölkəmizdə müxtəlif - həm Bakı, həm digər şəhər və qəsəbələr üçün baş plan qəbul olunub, yeni, müasir şəhərsalma tələblərinə uyğun qaydalar müəyyənləşir. Düzdür, bu proses də kifayət qədər mürəkkəbdir, lakin hər halda Azərbaycan üçün artıq müəyyən yanaşmalar uğurla həyata keçirilir.

Bəzi ölkələr, regionlarda müharibələr baş verir və bunun acı nəticələri şəhərlərin, qəsəbələrin, kəndlərin dağıdılmasıdır. Cəmiyyətlərin qarşısında çox vacib bir məsələ dayanır: müharibələr bitdikdən sonra həmin əraziləri necə bərpa etmək olar, həyata necə qaytarmaq olar? Bununla bağlı fikir mübadiləsində də Azərbaycanın təcrübəsi təqdirəlayiqdir. Çünki Azərbaycanın 30 ilə yaxın bir müddətdə əraziləri erməni işğalçıları tərəfindən dağıdılıb, məhv edilib, şəhərlər, qəsəbələr tamamilə yer üzərindən silinib. Onların təzədən bərpası üçün yüksək vəsait ayrılıb, böyük işlər görülür".

Politoloq onu da əlavə edib ki, Azərbaycanın azad edilmiş ərazilərdəki bərpa və yenidənqurma təcrübəsi "UN-HABİTAT"ın hazırladığı tövsiyə və təkliflərdə müsbət nümunə kimi öz əksini tapacaq:

"Ölkəmizə müxtəlif təcrübəli mütəxəssislərin gəlməsi, fikir mübadiləsinin aparılması, Azərbaycandakı vəziyyətlə yerində tanış olması ölkəmiz üçün də əhəmiyyətli olacaq. Onların tövsiyələri də bizim gələcək şəhərsalma təcrübələrimizdə yer alacaq".

44 - Tezliklə