Uzun illər blokadada olan Naxçıvanın qarşısında indi yeni imkanlar açılıb - RƏY
- 12 avqust, 2026
- 20:03
Yeniliklərdən dərhal xəbərdar olun!
Naxçıvan Azərbaycanın dövlətçilik tarixində xüsusi yeri olan bölgələrdən biridir. Uzun illər blokada şəraitində olan muxtar respublika ciddi sosial və iqtisadi çətinliklərlə üzləşib. Buna baxmayaraq, Naxçıvan öz inkişafını qoruyub və bu gün qarşısında yeni imkanlar açılıb.
Bu fikirləri "Report"a açıqlamasında Milli Məclisin deputatı Aydın Hüseynov deyib.
Deputat qeyd edib ki, bu baxımdan, Ulu Öndər Heydər Əliyevin Naxçıvandakı fəaliyyətini xüsusi qeyd etmək lazımdır:
"1990-cı illərin əvvəllərində Naxçıvanın olduqca mürəkkəb vəziyyətdə olduğu bir vaxtda Heydər Əliyevin buraya qayıdışı mühüm tarixi hadisə idi. Onun rəhbərliyi ilə muxtar respublikanın təhlükəsizliyinin və sosial sabitliyinin qorunması, blokadanın yaratdığı çətinliklərin aradan qaldırılması istiqamətində mühüm addımlar atıldı. Eyni zamanda, Naxçıvanın dövlətçilik ənənələrinin qorunması və möhkəmləndirilməsi üçün mühüm qərarlar qəbul edildi.
A. Hüseynov vurğulayıb ki, Prezident İlham Əliyevin Naxçıvana dünənki səfəri də bu baxımdan mühüm əhəmiyyət daşıyır:
"Bu səfəri yalnız görülən işlərin qiymətləndirilməsi kimi deyil, Naxçıvanın gələcək inkişaf istiqamətlərinin müəyyənləşdirilməsi baxımından da dəyərləndirmək olar. Prezidentin səfər çərçivəsində verdiyi mesajlar göstərir ki, Naxçıvanın qarşıdakı inkişafında iqtisadi fəallığın artırılması, infrastruktur imkanlarının genişləndirilməsi və muxtar respublikanın regional əlaqələrinin gücləndirilməsi əsas istiqamətlərdən olacaq".
Naxçıvanın iqtisadi potensialının bununla məhdudlaşmadığını söyləyən deputat əlavə edib ki, sənaye, kənd təsərrüfatı, turizm və xidmət sektorunda yeni layihələrin həyata keçirilməsi üçün geniş imkanlar var.