Türkiyə təyyarəsinin qəzasının ilkin səbəbləri konspiroloji versiyalar üzərindən xətt çəkir
- 12 noyabr, 2025
- 00:55
Ötən gün Azərbaycanın Gəncə şəhərindən havaya qalxan Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus hərbi yük təyyarəsi Gürcüstan ərazisində qəzaya uğrayıb. Qəzadan dərhal sonra Azərbaycan Prezidenti İlham Əliyev başda olmaqla hökumət üzvləri qardaş ölkənin rəhbər şəxslərinə başsağlığı verib, hadisə ilə bağlı bütün lazımı köməklik göstərməyə hazır olduqlarını bəyan ediblər.
Gürcüstanda qəza ilə bağlı cinayət işi açılıb, hadisə yeri mühafizə olunub. Türkiyə rəsmiləri isə hazırda qəza ilə bağlı araşdırma aparır. Bütün xəbərlərin ictimaiyyətə vaxtında, dəqiq və ətraflı açıqlanmasına baxmayaraq, sosial şəbəkələrdə həqiqətə uyğun olmayan müxtəlif mülahizələr irəli sürülür.
"Report"un əldə etdiyi məlumata görə, təyyarə Azərbaycanın Gəncə hava limanında cəmi iki saat gözləmədə olub və bu zamanı hər hansı kənar müdaxilə və ya təyyarəyə yaxınlaşma halı qeydə alınmayıb. Təyyarənin sərnişinləri Hərbi Paradda iştirak edən F-16 təyyarələrinə texniki xidmət göstərən personal olub və onlar da təhlükəsizlik prosedurlarından keçdikdən sonra təyyarəyə daxil olublar.
Təyyarə yük kimi F-16-ların mexaniki ehtiyat hissələrini daşıyıb, orada heç bir partlayıcı maddə olmayıb, buna görə də hər hansı partlayışdan söhbət gedə bilməz. İlkin baxış nəticəsində müəyyən olunub ki, təyyarədə kənar müdaxilə izləri yoxdur. Məsələn, 2024-cü ilin dekabr ayında Qroznı üzərində AZAL-ın təyyarəsi vurulduğu zaman gövdədə deşiklər görünürdü. Türkiyənin C-130 təyyarəsində isə belə izlər müşahidə edilmir.
İlkin versiyalara əsasən, təyyarənin qəzaya uğramasının iki mümkün səbəbi var. Birincisi, təyyarə uzun müddətdir xidmətdə olub və sonuncu dəfə 2020-ci ildə əsaslı təmirdən çıxıb. Korroziya nəticəsində gövdədə deşilmə baş verə bilərdi və bu qəzaya səbəb ola bilər. Bir müddət əvvəl ABŞ-də eyni tipli təyyarə məhz bu səbəbdən qəzaya uğrayıb.
Digər versiya isə daşınan yüklərin lazımi qaydada bərkidilmədiyi ola bilər. Uçuş zamanı yüklərin yer dəyişməsi baş verə bilərdi. Bu halda, tərpənən yük gövdənin daxili səthlərinə çırpılaraq onun zədələnməsinə və konstruksiyanın bütövlüyünün pozulmasına səbəb ola bilərdi.
Hava gəmisinin qara qutularının tapılması da çətin olmayacaq, çünki təyyarə düzənlik əraziyə düşüb, axtarışa mane ola biləcək dağlıq və ya meşəlik əraziyə yox. Buna görə də yaxın zamanda bütün detallara aydınlıq gətiriləcək.
Bütün hallarda Türkiyə Prezidenti Administrasiyası bildirib ki, hərbi yük təyyarəsinin Gürcüstanda qəzaya uğramasının səbəbləri həssaslıqla araşdırılır.
İstintaq Gürcüstan və Türkiyə tərəfindən aparılır, Azərbaycan isə qardaş Türkiyəyə ilk andan tam dəstək göstərir. Bu da qardaşlığımızın daha bir nümunəsidir.